Nə üçün qışda daha tez kökəlirik?

  Nə üçün qışda daha tez kökəlirik?
  07 Yanvar 2025    Oxunub:599
Soyuq qış günləri qapımızın astanasındadır. Bu mövsüm bir çox çətinliklərlə mübarizə aparmalı oluruq. Onlardan biri əksəriyyətimiz üçün sözün əsl mənasında problemlə çevrilən artıq çəkidir.
Qışda insanların daha tez kökəlməsinin bir neçə səbəbi var. Bu proses həm fizioloji, həm də psixoloji amillərlə əlaqədardır.

Qışda çəkinin artmasının səbəbləri:

1. Fiziki aktivliyin azalması

Soyuq havalarda insanlar daha az hərəkət etməyə meyllidirlər. Gəzintilər, açıq havada idman kimi fəaliyyətlər məhdudlaşır və oturaq həyat tərzi üstünlük təşkil edir. Bu isə kalori yandırılması prosesini zəiflədir.

2. Günəş işığının azalması

Qış aylarında gün işığı azaldığı üçün bədəndə serotonin səviyyəsi düşür. Bu, əhval-ruhiyyəni tənzimləyən hormondur. Serotonin hormonunun azalması insanları şirniyyata və yüksək kalorili yeməklərə sövq edir ki, bu da çəki artımı ilə nəticələnir.

3. Maddələr mübadiləsinin yavaşlaması

Soyuq havalarda bədən temperaturunu qorumaq üçün maddələr mübadiləsi nisbətən sürətlənsə də, insanların yüksək kalorili qidalara meylliliyi bundan yararlanmağa imkan vermir. Nəticədə artıq kalorilər bədəndə yağ şəklində depolanır. Eyni zamanda qışda günəşli günlərin azlaması bəzi insanları depressiyaya düşürlər.

Bəs, çəki almamaq üçün nələr edə bilərik?

Soyuq hava fiziki fəaliyyətlərdən uzaqlaşmaq üçün bir bəhanə olmamalıdır. Evdə yoga, pilates və ya digər idman növlərini sınaqdan keçirmək olar. Hətta soyuq havada gündəlik 20-30 dəqiqə yürüyüş etmək çəki artımının qarşısını almağa kömək edər.

Hər fəsil olduğu kimi, qışda da mövsümi meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır. Portağal, kök, narıngi, kələm, balqabaq, brokoli, gül kələmi, kərəviz, qabaq, ispanaq, cəfəridən ibarət qida rasionuna yer vermək mütləqdir. Çünki qış aylarında immun sistemimizi qorumaq, tez-tez xəslənməmək üçün, A və C vitaminləri ilə zəngin, antioksidant dəyəri yüksək olan yaşıl və narıncı rəngli meyvə tərəvəzlərdən istifadə vacibdir.

Şəkərli şirniyyatlar əvəzinə quru meyvələr, qoz-fındıq və tünd şokolada üstünlük verməkdə fayda var. Yüksək kalorili içkilər (isti şokolad, qəhvə, kofe) qəbul etməkdənsə, bitki çaylarına üz tutmaq olar. Eyni zamanda orqanizmimizin normal fəaliyyəti üçün hər gün ən az 1,5 l suya ehtiyac var.

Qış aylarında yuxu rejiminə də diqqət etmək lazımdır. Yuxusuzluq iştahı artırır və bədən daha çox kalori tələb edir. Bu səbəbdən gün ərzində 7-8 saat yuxu yatmaq vacibdir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: qışfəsli   düzgünqidalanma  





Xəbər lenti