Gizli tarix: Tramp SSRİ-yə niyə getmişdi

      Gizli tarix:    Tramp SSRİ-yə niyə getmişdi
  10 Noyabr 2024    Oxunub:3234
Donald Tramp SSRİ-yə ilk dəfə 1987-ci ildə, yenidənqurmanın şıdırğı vaxtında səfər etmişdi. O, sovet rəhbərliyi ilə Kremlin qabağında nəhəng dəbdəbəli hotel tikmək üçün danışıqlar aparsa da, razılığa gələ bilməmişdi. Birinci həyat yoldaşı İvana da onunla Moskvaya gəlmişdi.

Tramp “Sövdələşmək məharəti” (The Art of the Deal) adlı kitabında yazır ki, sovet rəhbərliyinin onunla iş görmək həvəsinə xeyli təəcüblənmişdi. Amma biznesmen hotel tikəcəyi ərazini satın almaq istəsə də, ona bildiriblər ki, burada torpaq dövlətindir. O isə cavabında deyib ki, özünün yox, dövlətin olan torpağa böyük sərmayə qoymağı çox ağılsız risk hesab edir.

Moskvadan sonra Tramp arvadı ilə birlikdə Leninqrada da gedib, oranın tarixi yerlərində gəzib.


İki il sonra təəssüratlarını bölüşərkən deyib ki, “Sovet sistemi – faciədir. SSRİ tezliklə dağılacaq. Çünki proseslər nəzarətdən çıxıb, rəhbərlik isə bunu anlamır. Qorbaçovun əsas problemi güclü əlinin olmamasıdır”.

“The New York Times” qəzeti 1987-ci ildə Trampın şəxsən Qorbaçovun özü ilə görüşdüyünü yazmışdı. Amma bu haqda heç bir rəsmi məlumat verilməyib.


“Time” jurnalı isə 1988-ci ildə yazırdı ki, Qorbaçov BMT-nin baş katibi ilə görüşmək üçün Nyu-Yorka gələndə biznesmen onu “Trump Tower”də şam yeməyinə dəvət edibmiş. Amma birinci katibin planları dəyişdiyindən, görüş alınmayıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Tramp  





Xəbər lenti