Bakıda avtobus qəzaları - qanlı statistika
AzVision.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Bölmə rəisi qeyd edib ki, 2014-cü ilin ilk 6 ayı ərzində ictimai nəqliyyat vasitələrinin iştirakı ilə 27 yol-nəqliyyat baş verib. Nəticədə 5 nəfər ölüb, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Onlardan 2 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən 9 yol-nəqliyyat hadisəsi fiziki şəxslərə, 3 nəfərin ölümü, 16 nəfərin yaralanması ilə nəticələnən 18 yol-nəqliyyat hadisəsi isə hüquqi şəxslərə məxsus avtobusların sürücüləri tərəfindən törədiilib".
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtobusların iştirakı ilə qeydə alınan hadisələrin sayı 8 fakt, yaralananların sayı 3 nəfər, həlak olanların sayı isə 1 nəfər azalıb.
V.Əsədov bildirib ki, hesabat dövründə yük avtomobillərinin iştirakı ilə baş vermiş 27 yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər ölüb, 27 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük avtomobillərinin iştirakı ilə baş vermiş hadisələrin sayı 17 fakt, ölənlərin sayı 4 nəfər, yaralananların sayı isə 14 nəfər azalıb.
Qeyd edək ki, 2014-cü ilin yanvar ayının 1-dən iyul ayının 1-dək Bakı şəhəri üzrə 444 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 139 nəfər həlak olub, 438 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Teqlər: