“Orta Dəhliz”də rəqabət yersizdir - Qazaxıstanlı ekspert

   “Orta Dəhliz”də rəqabət yersizdir -    Qazaxıstanlı ekspert
  16 İyul 2024    Oxunub:9486
“Geosiyasi təlatümlər həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ölkələri, xüsusilə Azərbaycan və Qazaxıstan üçün yeni imkanlar ortaya qoyub”.
Bu sözləri AzVision.az -a açıqlamasında Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin baş elmi işçisi Erkin Baydarov deyib. O bildirib ki, “Orta Dəhliz”in daha çox əhəmiyyət qazanmasına səbəb Rusiyaya qarşı qoyulmuş iqtisadi sanksiyalardır. Məhz həmin sanksiyalar Çin, Qazaxıstan, Rusiya və Belarus ərazilərindən keçən “Qərbi Çin – Avropa” dəmir yolu dəhlizinin fəaliyyətini məhdudlaşdırıb.

Pekin Moskvaya qarşı sanksiyaların ölkə iqtisadiyyatına zərər gətirməsindən ehtiyatlandığı üçün onilliklər boyu Avropa və Çin arasında əsas dəhliz rolunu oynayan marşrut çətinliklərlə üzləşib. Bu, alternativ dəhlizlərin fəaliyyətinə əlverişli imkan yaradır. Həmin dəhlizlərdən biri Mərkəzi Asiya və Qafqazdan keçən “Orta Dəhliz” (Transxəzər) marşrutudur. Dəhliz həm Çin, həm Qazaxıstan, həm də digər Mərkəzi Asiya ölkələri üçün çox əhəmiyyətlidir. Bu çərçivədə Qazaxıstan Pekinə yükdaşımaların həyata keçirilməsində böyük rola malikdir. 2022-ci il iyunun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “BRİKS+” formatında Qlobal İnkişaf üzrə Yüksək Səviyyəli Dialoqda çıxışında vurğulayıb: “Qazaxıstan şərqlə qərb, cənubla şimal arasında bufer kimi faydalı rol oynaya bilər. Uzunmüddətli perspektivdə açıq, ədalətli, bir-biri ilə əlaqəli və dayanıqlı qlobal iqtisadiyyatı qoruyub saxlamalıyıq. Belə bir şəraitdə “Bir kəmər, bir yol” təşəbbüsünün yeni inkişaf və qarşılıqlı fəaliyyət imkanları baxımından böyük potensialı var”.

Əlbəttə, “Orta Dəhliz”in Azərbaycan üçün də əhəmiyyətini vurğulamaq lazımdır. Azərbaycan qitələrarası “İpək Yolu” magistralının fəaliyyəti dövründəki kimi Şərq və Qərbi birləşdirmək istiqamətində öz marşrut təklifini irəli sürür”, – Baydarov söyləyib.


Ekspert bildirib ki, dəhliz Avropadan Mərkəzi və Cənubi Asiyaya, Yaxın və Orta Şərqə rahat, sərfəli yükdaşımalar üçün nəzərdə tutulub. “Orta Dəhliz” min illər boyu Avrasiya xalqlarını birləşdirən, dünya iqtisadiyyatının iki mərkəzi nöqtəsi arasında alternativ quru yolu sayılan “Böyük İpək Yolu”nun yenidən dirçəlməsidir. Bu, Çin və Avropanın timsalında müxtəlif ölkələrin bir-biri ilə daha səmərəli əlaqələr qurması deməkdir.

Dəhlizin marşrutu belədir: Çinin Lianyunqan limanından Sian şəhərinə – Qazaxıstanın Aktau şəhərindən Kurık limanına – Xəzər dənizi vasitəsilə Bakının Ələt limanına – Gürcüstanın Batumi şəhərindən Poti limanına – Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə – Türkiyənin İzmit, Mərsin və Çərkəzköy şəhərlərinə – nəhayət, Avropaya (Polşa, Rumıniya və s.).

- Düzdür, Ukraynada müharibə gec-tez başa çatacaq, amma nəticəsindən asılı olmayaraq, onillər boyu hökm sürmüş qüvvələr balansının dəyişməsi qaçılmazdır. Geosiyasi dəyişmənin ən mühüm elementi isə Avrasiya qitəsində Mərkəzi Asiya və Cənubi Qafqazdan keçəcək nəqliyyat və logistika dəhlizləridir,- qazaxıstanlı ekspert deyib.

“Orta Dəhliz”in ənənəvi marşrutlarla müqayisədə bir çox üstünlüyü var. Məsələn, Trans-Sibir dəmir yoluna nəzərən 2 min kilometr qısadır və daha əlverişli iqlimə malik ərazilərdən keçir. Eyni zamanda, Çindən Avropaya gedən ənənəvi dəniz yolu ilə müqayisədə üç dəfə (15 gün) sürətlidir. Dəhliz həmçinin Asiya və Afrikaya yüklərin daşınması üçün böyük imkanlar yaradır. Bu dəhliz, o cümlədən dəhlizboyu ölkələrin liman infrastrukturları vasitəsilə Şərqi və Cənub-Şərqi Asiyadan Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi hövzəsinə asanlıqla yükdaşımalar həyata keçirilə bilər.

Ukraynada müharibə başlayandan bəri Çin Qazaxıstan ərazisini alternativ keçid kimi görür. Qazaxıstan Prezidentinin də diqqətə çatdırdığı kimi, ölkənin Asiyadan Avropaya gedən yolda tranzit qovşağına çevrilmək üçün hər cür imkan var. Hazırda Qazaxıstan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini “Orta Dəhliz”in inkişafı üçün əsas maneə sayır. Çünki Özbəkistan da beynəlxalq bazarlara çıxış üçün şimal marşrutlarına alternativ yollara ehtiyac duyur. Özbəkistan da beynəlxalq tranzit qovşağına çevrilməkdə maraqlıdır.

“Zənnimizcə, burada rəqabət yersizdir. Mövcud problemləri Çin, Qazaxıstan, Özbəkistan və regionun digər ölkələrinin birgə səyləri ilə həll etmək, qlobal yük marşrutlarının xüsusilə Ukraynadakı müharibə ilə əlaqədar dəyişməsi fonunda səmərəli nəqliyyat dəhlizlərini birgə həyata keçirmək daha məqsədəuyğundur”, - ekspert vurğulayıb.

Baydarov diqqətə çatdırıb ki, hazırkı şəraitdə “Orta Dəhliz”ə ciddi tələbat var. Marşrut üzrə yük axınının artması göstərir ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar fonunda “Orta Dəhliz”in potensialı çox böyükdür. Eyni zamanda, Qazaxıstan Prezidentinin vurğuladığı kimi, “həyatın dayanmadığı, qlobal dinamikanın hər gün sürətləndiyi” bir dövrdə Qazaxıstan və regionun digər ölkələri hər birinin maraqlarını nəzərə almaqla uğurlu Mərkəzi Asiyanın formalaşması naminə çalışmalıdırlar.

Samir Nəcəfov
AzVision.az


Teqlər: Orta-Dəhliz  





Xəbər lenti