Rektorlar Gəncədə

  18 Aprel 2013    Oxunub : 670
Rektorlar Gəncədə
Gəncə daha bir mötəbər tədbirə ev sahibliyi edir
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, Gəncədə Müstəqil Dövlətlər Birliyi ölkələri aparıcı
aqrar ali təhsil müəssisələri Rektorlar Şurasının
növbəti iclası öz işinə başlayıb

Müstəqil Dövlətlər Birliyi ölkələri aparıcı aqrar ali təhsil müəssisələri rektorlarının növbəti şura iclası şəhərimizdə reallaşıb.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilən tədbir həm də şuranın yaradılmasının 10 illiyinə təsadüf edib. İştirakçılar əvvəlcə dahi şəxsiyyətin şəhər mərkəzindəki abidəsini ziyarət etmiş, ehtiramlarını bildirərək abidə önünə gül dəstələri düzmüşlər. Sonra tədbir RAMADA plaza otelində öz işinə başlamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev açaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin aqrar sektorunda qazanılan uğurlardan, eləcə də Prezident İlham Əliyevin bu nailiyyətlərin daha da artırılması üçün həyata keçirdiyi məqsədyönlü işlərdən danışmışdır. İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin dəstək və qayğısı ilə Gəncə inkişaf edir, geniş miqyaslı quruculuq işləri aparılır, qədim abidələr bərpa olunur. Gəncə həm də elmi potensialına görə zəngindir. Burada fəaliyyət göstərən elmi-tədqiqat institutları aqrar sahənin inkişafına öz töhfələrini verir.

Müstəqil Dövlətlər Birliyi ölkələri aparıcı ali təhsil müəssisələrinin rektorlar şurasının sədri, Rusiya Dövlət Aqrar Universitetinin rektoru Vladimir Bautin çıxışında demişdir ki, 2003-cü ilin aprel ayında yaradılmış qurumun bu il 10 yaşı tamam olur və növbəti iclasın Azərbaycanda, qədim Gəncədə, Nizami yurdunda keçirilməsi, xüsusilə görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinə təsadüf etməsi uzun illər yadda qalacaqdır. Vladimir Bautin Kremldə ulu öndərlə görüşünü yada salaraq bundan qürur duyduğunu qeyd edib.

Sonra Müstəqil Dövlətlər Birliyi ölkələri aparıcı aqrar ali təhsil müəssisələri rektorları şurasının sədri Vladimir Bautin aqrar bölmənin inkişaf etdirilməsində, dünya ərzaq təhlükəsizliyinə qarşı həyata keçirilən tədbirlərdə fəal iştirakına görə Azərbaycanın Kənd Təsərrüfatı naziri İsmət Abbasova, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevə və Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi İbrahim Cəfərova Rektorlar Şurasının qərarı ilə təsis olunmuş “Aqrar elmin və təhsilin inkişafında göstərdikləri xidmətlərə görə” Rusiya Dövlət Aqrar universitetinin medalını təqdim edib.

Rusiya, Belarusiya, Tacikistan, Ukrayna, Maldova, Qazaxıstan və sair ölkələrin aqrar universitetləri rektorlarının iştirakı ilə 2 gün davam edəcək iclas iştirakçıları həm də Gəncənin bir sıra tarixi və görməli yerlərini gəzəcək, aqrar sahədə fəaliyyət göstərən müəssisələrdə olacaqlar.

Foto


Teqlər: