Nəyi Dəyişərdin? I “Həyatımı istədiyim kimi yaşaya bilmədim” – Əməkdar artist

Nəyi Dəyişərdin? I  “Həyatımı istədiyim kimi yaşaya bilmədim” – Əməkdar artist
  07 İyul 2014    Oxunub:6838
İnsan daim həyatında nələrisə dəyişir. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir.
Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişmək imkanımız olmur.

İllər ötdükcə isə edə bilmədiklərimiz “kaş ki”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı”... kimi ifadələrin bəzən sayı-hesabı olmur.

AzVision.az-ın “Nəyi dəyişərdin?” rubrikasının budəfəki həmsöhbəti aktrisa, əməkdar artist Xalidə Quliyevadır.

Sən, hətta öz həyatında da iştirakçı deyilsən.



-Bizdən asılı nə var ki?! Dəyişmək istədiyimiz və ya istəmədiyimiz hər şey tanrının əlindədir. Məndən asılı bir şey yoxdur. Həyata gələndə soruşmayıblar ki, sən dünyaya gəlmək istəyirsən, ya yox.

Uşaqlıq, yetkinlik, cavanlıq, orta yaş dövrü, bunlar gəldikcə səndən asılı olmayan təbii, bioloji dəyişikliklər olur. Onlar da hətta adamı qıcıqlandırır ki, istəməzdim belə olsun, ancaq oldu. Yəni, sonda başa düşürsən ki, bəli, sən bu həyatda vasitəsən. Böyük mənada öz həyatında da iştirakçı deyilsən.

Amma nəyisə alardım ,nəyisə qoyardım, bu məsələlər o qədər kiçikdir ki!

Uşaqlıqda çox aktiv, təşəbbüskar olmuşam. Sizinlə söhbət edə-edə ibtidai sinifə qədər ki, dövrümü xatırlayıram. Böyük bir məhələdə yaşayırdıq. Qonşularımızın əksəriyyəti rus idi. Rus dilinə həvəsim, bilgilərim ondan irəli gəlir ki, ətrafım ruslar idi. Və onların həyat tərzi mənim çox xoşuma gəlirdi. Təmizkarlıqları, ağ çitdən gözəl formada istifadə etdikləri palatarlar hələ də xatirəmdədir. Rus qadınları bizdən fərqli olaraq həmişə uşaqları görəndə çalışırdılar ki, onları danışdırsınlar: “ nə bilirsən , adın nədir, neçə yaşın var, əlini yumusanmı, saçını niyə belə yaxşı daramamısan” və. s. Bunlar uşaqlığımdan yadımda qalan etüdlərdir.

İnsan gözü doymayan məxluqdur.

İlk dəfə məktəbə getdiyim günü xatırlayıram. Ağacın hündür budağında oturmuşdum. “Quşlar ağacda” deyilən bir oyun var idi, uşaqlarla həyətdə onu oynayırdıq. Atam gəldi ki, düş aşağı məktəbə getməliyik. Oyunun da çox maraqlı yeri idi. Məni məktəbə yazdırmağa aparırdı. Onda anladım ki, özümdən asılı olmayan qayğılarım artır. Nəsə etməliyəm, yəni öz istədiyimi yox, sadəcə nəyisə yerinə yetirməliyəm.



Yəni borclardan biri gəldi , məktəbi oxumalısan, institutu bitirməlisən , işləməlisən, ailə qurmalısan, ana olmalısan və s. Bütün bunlar bizdən asılı olmayaraq baş verir.

Onu da deyim ki, insan heç vaxt heç nə ilə qane olmur. Gözü doymayan bir məxluqdur.

İstədiyim kimi uşaqlıq keçirə bilmədim.

İstədiyim kimi uşaqlıq keçirə bilmədim. Hətta yetkinliyim də olmadı. Anamı çox tez, 10 yaşımda itirdim. Bu mənim üçün böyük zərbə idi. Çünki ananmı dünyalar qədər sevirdim. O, rəhmətə gedənə qədər o qədər maraqlı bir dövrüm olub ki.

Bütün qayğılarıma baxmayaraq fədəkar, fəal biri olmuşam.

Məktəbin bütün ictimai işlərində iştirak etmişəm. Rəqsə getmişəm, gimnastika ilə məşğul olmuşam. Yadımdadır ki, xoş əhval- ruhiyyəyə görə mənə mükafat da vermişdilər.

Həyatımda məqsədimə doğru ilk addımı 9-cu sinifdə atmışam. Məktəbimizdə dram dərnəyi fəaliyyət göstərirdi. Bizim bir Hacıağa adında ədəbiyyat müəllimimiz var idi. O, “Qorxulu yollar” adında əsər yazmışdı. Mənə orada baş qəhrəman rolunu verdilər. O əsər mənim elə bil ki, həyatımı təyin etdi. 9-cu snifdə hələ bilmirdim ki, kim olacam. Rus dili müəlliməmiz dedi ki, sən mütləq aktrisa olmalısan. Ondan sonra mənim həyatım təyin olundu, məqsədim bəlli oldu. Və mən İncəsənət Universitetinə sənədlərimi verdim. Bax belə oldu ki , mən aktrisa oldum. Amma səhnə fəaliyyətim haradasa 3-cü sinifdən başlayıb.



Təsadüflərin özündə də qanunauyğunluqlar var.

Anam hər işdə məni dəstəkləyirdi, hər yerdə fəxrlə danışırdı. Bu gün mən də anayam, çalışıram ki, onun kimi qayğıkeş, övladına dəyər verən olum. Ətrafıma da demişəm ki, birinci anayam, qadınam, yoldaşımın həyat yoldaşıyam, sonra aktrisayam. Mənim üçün ailə önəmlidir. Heç nəyə ailəmə qurban vermirəm. Həyatda ən böyük uğurlarımdan biridir. Bu olmasa idi, özümü dünyanın ən bədbəxt insanı hesab edərdim. Bu yaşa çatmışam, ailədən kənar heç bir istirahətə getməmişəm, həmişə bir yerdə olmuşuq .



Çalışmışam düz yaşayım, səhv etməyim, peşimançılıq keçirməyim. İnsanlardan asılı olmayaraq, həyat o qədər təsadüflərlə bağlıdır ki. Amma təsadüflərin özündə də qanunauyğunluqlar var. Hər gün şükür edirəm. Pis məqamımda da əvvəl şükür edirəm, sonra deyirəm belə oldu. Mən bu gün belə yaşayıramsa deməli belə də olmalı idi. Necə başqa cür ola bilərdim, necə dəyişərdim, bu mənim üçün gülməlidir. Bacarsaydım başqa cür yaşayardım da, deməli bacardığım budur. Olan budur. Ən gözəli elə budur.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti