“KAMAZ” Bakını bir-birinə qatdı - VİDEO
Lənkəran şəhər sakini olan Elbrus Fətullayev İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (Polisin qanuni tələbini yerinə yetirməmək) ilə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası ilə cəzalandırılıb.
Araşdırmalar zamanı məlum olub ki, bu sürücü iyunun əvvəllərində Bakı-Ələt yolunun 14-cü km-də yol polisinin «saxla» əmrinə tabe olmayaraq qaçdığı üçün axtarışda imiş. O, həmin vaxt yükdaşıma qaydalarının pozduğu üçün saxlanıldığını bildiyi üçün aradan çıxıb. İyunun 29-da isə yol polisləri onun Dövlət Bayrağı Meydanının qarşısı ilə hərəkət etdiyini gördükdə Bayıl dairəsində «saxla» əmri veriblər. Lakin sürücü yenə də yol polisinə tabe olmayaraq üzü şəhər istiqamətində hərəkəti davam etdirib.
Sürətlə hərəkət edən «Kamaz» onu saxlamağa çalışan yol polisi maşınlarına qarşı təhlükəli hərəkətlər edir. Yük maşınını yol polisi maşınının üstünə sürən Elbrus Fətullayev onları qorxutmağa çalışır. Nəticədə yol polisi əməkdaşı idarə etdiyi maşını qaçırdarkən qarşı yola çıxır və qəza şəraiti yaranır. Ardınca svetaforun qırmızı işığından keçən «Kamaz» Hökumət Evinin qarşısında artıq bir neçə yol-patrul xidməti maşınının əhatəsində olub. Lakin yenə də tabeçilik göstərməyən sürücü sürəti artırmaqla yanaşı təhlükəli manevrlər edərək yol polislərini ondan uzaqlaşmağa məcbur edir. Bu dəfə polisdən yaxa qurtara bilməyəcəyini görən sürücü sürəti bir az da artırdıqda yol kənarında dayanmış avtobusa arxadan çırpılaraq dayanır. Maşından düşməyən sürücünü nəhayət, yol polisləri düşürdüb YPX maşınına mindirirlər.
Elə həmin gün toplanmış sənədlər Səbail rayon Məhkəməsinə təqdim olunub və sürücü barəsində 30 sutka həbs qərarı çıxarılıb. Hazırda araşdırmalar davam etdirilir.
Teqlər: