AŞPA-nın Azərbaycandakı faydalı əbləhləri

   AŞPA-nın Azərbaycandakı    faydalı əbləhləri
  26 Yanvar 2024    Oxunub:2546
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı bir sıra qərəzli addımlarından sonra rəsmi Bakı bu qurumda öz fəaliyyətini dayandırmaöa qərar verib. Millə vəkili Sahib Alıyev sosial şəbəkələrdə paylaşdığı statusda AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibətinin və onun ölkəmizdəki əlaltılarının susqunluğunun səbəblərinə aydınlıq gətirib.
Tərtərdəyəm, yaz sessiyası öncəsi seçicilərlə görüşürəm. İctimai-siyasi proseslərlə dərindən maraqlanmayanlar belə qərbdəki bəlli çevrələrin Azərbaycana təzyiqlərinin arxasında nə durduğunu gözəl dərk edirlər. O sıradan Avropa Şurasının da torpaqlarımızı işğaldan qurtarandan üzü bəri bizə qarşı niyə və kimlərin diqtəsi ilə hərəkət etdiyi də burada kimsəyə sirr deyil.

Fəqət yazdıqlarına baxanda adama elə gəlir ki, “Real” partiyasının sədri İlqar Məmmədov üçünsə sən demə bu sirmiş. Daha dəqiqi onun fikrincə, qərbdəkiləri bizim regionda guya ilk növbədə insan haqları və demokratiya maraqlandırır. Əgər elədirsə, onda təkidlə hayları Qarabağa qaytarıb onların haqlarını təmin etməyə səsləyən AŞPA-dakılar nədən indiyə kimi bir dəfə də olsun Ermənistanda etnik təmizləmə ilə üzləşən azərbaycanlılarla bağlı oxşar çağırışda bulunmayıblar? İlqar Məmmədov bu haqda düşünübmü? O, sözü gedən qurumun 2021-ci ilin 28 sentyabr, 2023-cü ilin 22 iyun, 23 oktyabr sənədlərinə diqqət yetiribmi? Həmin sənədlərdə ölkəmiz guya Türkiyənin yardımıyla “suriyalı terrorçular”dan savaşda faydalanmaqda, Laçın yolunu blokadada saxlamaqda, Qarabağdakı haylara qarşı etnik təmizləmə kimi qiymətləndirməyə əsas verən addımlar atmaqda və sairdə suçlandırılır. “Real”ın sədri bunlardan xəbərsizdir? Real deyil!

O, bütün bunlardan gözəl xəbərdardır və qərbdəkilərin belə yaramazlıqlarını tənqid etmək əvəzinə Azərbaycan-Türkiyə birliyini hədəfə götürür. Guya Türkiyə təmsilçiləri AŞPA-da bizə gərəkən dəstəyi verməyiblər və bunun da səbəbi varmış. Bu, qardaşlarımızla müttəfiqliyimizə kölgə salan, tam olaraq həmin qərbdəkilərlə hayların marağına cavab verən bir yanaşmadır.

Maraqlıdır, İlqar Məmmədovun diqqətini görəsən nədən torpaqları işğal altında olan Ukrayna, Moldova və Gürcüstan təmsilçilərinin AŞPA-nın həmin toplantısında bizə qarşı oynanılan oyunun səbəbini bildikləri halda mövqe ortaya qoymaqdan çəkinmələri deyil də, Azərbaycana açıq dəstək verən qardaş Türkiyənin təmsilçisinin sözləri “kağızdan quru-quru oxuması” çəkib? Bəlkə ona görə ki, o 3 ölkənin təmsilçiləri elə özünə bənzəyir? Milli maraqlarının əleyhinə olsa belə qərbdəkilərin diqtəsi ilə hərəkət etməyə bilməyiblər?
Sahib Alıyev, Milli Məclisin üzvü
AzVision.az



Teqlər: AŞPA  





Xəbər lenti