Gələn il bu ölkələrə getməyin!

// Turizm üçün təhlükəli istiqamətlər açıqlandı

  Gələn il bu ölkələrə getməyin!
  22 Dekabr 2023    Oxunub:6791
Tibb və sığorta sahəsində konsultasiya xidməti göstərən "International SOS" şirkəti 2024-ci il üzrə "risk xəritəsi"ni dərc edib. Hərbi münaqişələri, humanitar və təbii fəlakətləri, epidemiyaları, etiraz aksiyalarını, təhlükəsizlik problemlərini, iqlim dəyişiklərini, habelə cəmiyyətin psixoloji sağlamlıq səviyyəsini nəzərə alan şirkət növbəti ildə səyahət üçün təhlükəsiz və təhlükəli ölkələri müəyyənləşdirib.
Hesabatda Şimali və Mərkəzi Avropanın 5 ölkəsi 2024-cü ildə turistlər üçün təhlükəsiz, Afrika, Yaxın Şərq və Cənubi Asiya ölkələri isə təhlükəli kimi dəyərləndirilib.

Hesabatda ilk dəfə olaraq qlobal istiləşmə ilə bağlı risk faktorları xüsusi vurğulanıb. Sağlamlıq üçün zərərli qəbul edilən yerlər sırasında bir sıra Afrika və Yaxın Şərq ölkələrinin, eləcə də Şimali Koreyanın adları çəkilir. Şimali və Mərkəzi Avropa ölkələri, həmçinin BƏƏ və Qazaxıstan isə iqlimin stabil olduğu ölkələr kimi ifadə edilir.

Hesabatda qeyd edilir ki, ABŞ, Kanada, Qərbi Avropa, Türkiyə, Yaponiya və Avstraliya aşağı risk qrupuna aiddir. Bu və ya digər ölkələrdə, məsələn, Rusiyada isə tibbi xidmətlərin əlçatanlığı baxımından vəziyyət qeyri-sabit qiymətləndirilir.

Hesabatın ölkələr üzrə ümumi təhlükəsizlik dəyərləndirməsində Liviya, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Somali, Yəmən, Suriya, İraq, Əfqanıstan, Ukrayna ən yüksək risk səviyyəsində qərarlaşıb.
Norveç, Finlandiya, Danimarka, İslandiya, Lüksemburq, İsveçrə və Sloveniya aşağı risk qrupuna daxil edilib.
Rusiya, Braziliya, Hindistan, Meksika və Misirdə isə təhlükəsizlik vəziyyətinin orta həddə olduğu bildirilir.


Şirkət səyahət üçün "risk xəritəsi"ndə sadalanan ölkələrdə əhalinin psixi sağlamlığını da nəzərə alıb. Statistika göstərir ki, İran, İspaniya, Portuqaliya, İrlandiya, Qrenlandiya, Avstraliya və Yeni Zelandiya müxtəlif psixi xəstəliklərin geniş yayıldığı (17,5-20%) cəmiyyətlərdir. Bu kateqoriyada ən aşağı göstərici Vyetnamın payına düşür.

"International SOS" şirkətin beynəlxalq mütəxəssisləri verilən göstəricilərə əsaslanaraq, İslandiya, Lüksemburq, Norveç, İsveçrə və Danimarkanı 2024-cü ildə ən təhlükəsiz səyahət imkanına malik ölkələr siyahısına daxil edib. Turistlərə səfər üçün məsləhət görülməyən ən təhlükəli ölkələr siyahısında isə Cənubi Sudan, Əfqanıstan, Suriya, Liviya və Somali qərarlaşıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti