Türkiyənin “dəniz yumruğu”: Dünyanın ilk PUA daşıyıcısı nələrə qadirdir

   Türkiyənin “dəniz yumruğu”:    Dünyanın ilk PUA daşıyıcısı nələrə qadirdir
  20 Dekabr 2023    Oxunub:4126
Bu ilin aprel ayında Türkiyə istehsalı olan pilotsuz vasitələrin ən son versiyaları ilə təchiz edilən TCG “Anadolu” desant gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə veriləndə bir çox mütəxəssislər dəniz vasitələri üçün PUA-nın hələ uçuşlara başlamamasından narahatlıqlarını ifadə edirdilər. Bir tərəfdən, “Bayraktar TB3” həqiqətən də tam hazır deyildi. Digər tərəfdən isə müdafiə sənayesində ABŞ və İsrail kimi aparıcı dövlətlərinin bu sahədə nəticə əldə edə bilmədikləri bir vaxtda TCG “Anadolu”nun dünyada zərbə PUA-larının yerləşdirilməsi üçün nəzərdə tutulan ilk hərbi gəmi kimi silahlanmaya qəbul ediləcəyi inandırıcı görünmürdü.
Kifayət qədər cəsarətli layihə əsasında hazırlanan çoxməqsədli desant gəmisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək qiymətləndirilib. Dünyanın zərbə PUA-ları daşıyan ilk gəmisinin istifadəyə verilməsi mərasimində çıxış edən Ərdoğan onu haqlı olaraq “Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı və ölkənin qürur mənbəyi” adlandırmışdı.

Layihənin tarixçəsi

Türkiyə Hərbi Dəniz Qüvvələri 1990-cı illərdən bəri amfibiya hücum gəmisi əldə etmək niyyətini gizlətmirdi. 1997-ci ildə Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən nəşr olunan “Açıq dənizlərə doğru” sənədində ilk dəfə olaraq desant gəmisi tələbi açıqlandı. Layihəyə doğru ilk addımlar 2000-ci ildə Türkiyə Müdafiə Sənayesi Müşavirliyi tərəfindən atılsa da, o dövrdə baş verən iqtisadi böhran səbəbindən bir müddət dayandırıldı.

Layihəyə 31 şirkət maraq göstərirdi. 2010-cu ildə layihə üçün 7 türk şirkətinə təkliflər təqdim olundu. RMK “Marine”, “Dearsan Shipyard” və “Sedef Shipyard” layihə üçün dizaynlarını təqdim etdilər. 26 dekabr 2013-cü ildə “Sedef” Gəmiqayırma Zavodu tərəfindən ispan tərəfdaşları ilə birlikdə təqdim olunmuş L61 adlı dizayn tenderdə qalib gəldi.

1 iyun 2015-ci ildə “Sedef” Gəmiqayırma Zavoduna verilən sifarişdən sonra gəminin tikintisinə başlanıldı. Layihədə ümumilikdə 131 türk şirkəti iştirak edirdi. Gəmi 10 aprel 2023-cü ildə silahlanmaya qəbul edilib.

“Anadolu”nun imkanları

Əslində TCG “Anadolu” ilk olaraq qısamənzilli uçuş xüsusiyyətinə malik olan ABŞ istehsalı “F-35” təyyarələri üçün nəzərdə tutulmuşdu. Lakin Ankaranın Rusiyadan “S-400” raketdən müdafiə sistemi almasına görə ABŞ Türkiyə ilə süni böhran yaratdı. Türkiyə bu böhrandan kifayət qədər qazancla çıxmağı bacardı. Türkiyəli mühəndislər ölkənin ən böyük hərbi gəmisi olan TCG “Anadolu”nu yaratdılar və onu müasir silah, texnika və avadanlıqlar üçün uyğunlaşdıra bildilər.


Dünyanın istənilən dəniz və ya okean sularında hərbi və humanitar əməliyyatlarda istifadə oluna biləcək “Anadolu” kifayət qədər geniş imkanlara malikdir. Gəminin havadan əsas zərbə gücünü “Bayraktar TB3” PUA-sı təşkil edəcək. Qanadlarının qatlanması bu PUA-nın dəniz platformalarının göyərtə və anqar həcmlərinə qənaət etməyə imkan verir.


Uzunluğu 231 metr, eni 32 metr olan, avtonom şəkildə vəzifələr icra edəcək TRG “Anadolu” gəmisinin əsas döyüş imkanları onun göyərtəsində yer alan silah sistemlərilə birbaşa əlaqəlidir. 13 tankı, 94 zirehli vasitəni daşımaq üçün nəzərdə tutulan nəhəng gəminin göyərtəsində 10 helikopter və 11 hücum PUA-sı yerləşdirmək mümkündür. Gəminin təyyarə anqarında daha 19 helikopter və 30 pilotsuz uçuş aparatı yerləşdirilə bilər. 1400 nəfər şəxsi heyəti olan gəmidə 2 əməliyyat otağı olan hərbi qospital da fəaliyyət göstərir.

“Bayraktar TB3”

“Bayraktar TB3” PUA-sı qısa müddətdə “Bayraktar TB2”nin bazasında yaradılıb. PUA
• qatlana bilən qanadlara
• SATCOM idarəetmə blokuna
• 1450 kiloqram uçuş çəkisinə
• havada 24 saat qalmaq imkanına
• 6 silah asqısına malikdir.


Qanad açıqlığı 14 metr, uzunluğu 8.35 metr, hündürlüyü 2.6 metr, çəkisi 1450 kq, yükgötürmə qabiliyyəti 280 kiloqram olan aparatın kreyser sürəti 222 km/saat, maksimum sürəti 295 km/saatdır.

Döyüşü idarəetmə sistemi

Türkiyənin GENESIS-HAVELSAN şirkətinin istehsalı olan “Döyüş İdarəetmə Sistemi”nin geniş imkanları məlumdur. Bu sistem Ukrayna gəmilərində uğurla tətbiq edilib. Sistem mütləq NATO-nun rabitə və avtomatlaşdırılmış komanda-idarəetmə standartlarına, o cümlədən “Link 16” taktiki məlumat şəbəkəsinə inteqrasiya olunmalıdır. Gəminin orijinal sensor sistemləri, radar vasitələri, döyüş və radioidarəetmə kompleksi də yerli istehsaldır.


Müdafiə sistemi

Türkiyənin ən böyük gəmisi təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə ASELSAN şirkətinin 12,7 mm-lik silah sistemi, bir neçə ədəd gəmi əleyhinə “Atmaca” raketləri, 3D axtarış radarı və s. ilə təchiz ediləcək.
Gəminin hava hücumundan müdafiə sistemləri barədə dəqiq məlumatlar olmasa da, yerli SİPER komplekslərindən istifadə ehtimalı çox yüksəkdir.

Nəticə

Dənizlərlə əhatə olunan Türkiyənin Hərbi Dəniz Qüvvələri daim müasir döyüş vasitələri və silahlarla təchiz olunmalıdır. Bu mənada ümumilikdə 107 zirehli vasitə və 70 hava hücumu vasitəsi daşımaq imkanına malik “Anadolu” gəmisi mühüm əhəmiyyət daşıyır. Türkiyə artıq milli imkanlarla “Altay” tankının, “Atak” helikopterlərinin, uzaqmənzilli SİPER HHM sistemlərinin və çox sayda üzən zirehli vasitələrin seriya istehsalına başlayıb.


TB3 layihəsi ilə rəqabət aparan ABŞ və İsrail şirkətləri dəniz vasitələri üçün nəzərdə tutulan zərbə tipli PUA istehsalında hələ ki Türkiyədən geri qalırlar. Dəniz platformasından havaya qalxan və enən ilk HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) tipli PUA istehsalçısı kimi Türkiyə adını tarixə yazdırmağa çox yaxındır.

“KızılElma” pilotsuz vasitəsinin və pilotlu HÜRJET təyyarəsinin də yaxın 2 ildə “Anadolu” gəmisinin göyərtəsindən qalxaraq döyüş tapşırıqlarını yerinə yetirib, geri dönəcəyi şübhə doğurmur. KAAN qırıcısının isə 2030-cu ilə qədər dəniz platformalarına uyğunlaşdırıla biləcəyi ehtimalı böyükdür.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Anadolu   Türkiyə  





Xəbər lenti