Makronun Mərkəzi Asiya səfəri: Uran və geosiyasət

   Makronun Mərkəzi Asiya səfəri:    Uran və geosiyasət
  02 Noyabr 2023    Oxunub:3766
Hakimiyyəti dövründə qeyri-adekvat siyasi kursu nəticəsində həm özünün, həm də rəhbəri olduğu dövlətin nüfuzuna ciddi zərbə endirmiş Fransa prezidenti Emmanuel Makron Mərkəzi Asiyanın iki aparıcı olkəsinə—Qazaxıstan və Özbəkistana səfər edib. Maraqlıdır ki, son vaxtlar bir neçə voyajında iflasa uğrasa da, Makron hərbi əməliyyatların tüğyan etdiyi Yaxın Şərqə, eləcə də Mərkəzi Asiyaya gəlməkdən çəkinmədi.
Fransanın uran aclığı

Mərkəzi Asiyaya səfəri ərəfəsində bir sıra KİV-lər, o cümlədən də Fransa mediası vurğulayırdı ki, Makronun Qazaxıstan və Özbəkistanla əməkdaşlıqda məqsədi ölkəsinin enerji təhlükəsizliyini təmin etməkdir. Sözsüz ki, Fransanın atom elektrik stansiyalarının (AES) uran çatışmazlığı fonunda bu iddia heç kimdə şübhə doğurmur.

Belə ki, uran istehsalına görə dünyada əhəmiyyətli rola malik Nigerdə hərbçilərin bu il hakimiyyəti ələ aldıqdan sonra Fransaya uranın satışını dayandırması Parisi çətin vəziyyətə salıb. Bu baxımdan, bəzi rəqəmlərə diqqət yetirmək maraqlı olar. Ötən il dünyada istehsal olunan uranın təxminən 5%-i Nigerin payına düşüb. Bu ölkə Avropa İttifaqına (Aİ) uran ixracı üzrə 2-ci yeri tutub. Elektrik enerjisinin təqribən 75%-ni AES-lərin hesabına təmin edən Fransa isə özünün urana tələbatının 15%-ni Nigerin hesabına ödəyirdi.


Maraqlıdır ki, hazırda Kanada, Qazaxıstan və Avstraliyadan uran idxal edən Fransa, Qərbin sərt sanksiyaları altında olan Rusiyadan da xammal alır. “Le Point” jurnalı ötən il Fransanın Rusiyadan 153 ton saflaşdırılmış uran aldığını qeyd edib.

Nigerin yeni hökuməti Fransaya uran satışını dayandırandan sonra dünya bazarında bu xammalın dəyəri artmağa başlayıb. Sentyabr ayında uranın qiyməti 12% yüksələrək bir funta görə 65,5 dollara çatdı ki, bu da son 12 ilin (2011-ci ildə “Fukusima” AES-dəki qəzadan sonra) rekord göstəricisidir.

Uranla təchizat müstəvisində yaranmış problemlər Fransanı məhz Mərkəzi Asiyaya, ilk növbədə Astanaya üz tutmağa məcbur etdi. Çünki təsdiqlənmiş ehtiyatların həcminə (14%) görə dünyada ikinci yeri tutan Qazaxıstan, hazırda qlobal miqyasda bu xammalın 40%-ni istehsal edir. Hazırda ən böyük uran ehtiyatları (40% - 689 min tonn) Avstraliyada olsa da, aparılan geoloji kəşfiyyat nəticələrinə əsasən, Qazaxıstanda bu göstərici hətta 700 min tona bərabərdir.

Bu baxımdan Astana-Paris münasibətlərində müsbət nəticələrin əldə olunduğu görünür. Məsələn, Fransanın “Orano SA” atom şirkəti Qazaxıstanda “Qazatomprom” dövlət şirkəti ilə birgə uran yatağının istismarı üzrə işlər aparır və ölkəyə sərmayə yatırır.

Qazaxıstanda ilk AES-in inşası prezidenti Qasım-Jomart Tokayevin fransalı həmkarı ilə danışıqlarında əsas müzakirə mövzusu olub. Astana 15 milyard dəyərində qiymətləndirdiyi AES-i xarici investisiyalar hesabına tikməyi planlaşdırır. Qazaxıstanın energetika naziri Almasadam Satqaliyev isə Astananın bu layihədə Fransanın “Electricite de France S.A. (EDF)” şirkətinin iştirakı perspektivlərini nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

“Bildiyiniz kimi, EDF qısa siyahıya (Qazaxıstanda AES-in potensial tikintisi üçün mümkün reaktor tədarükçülərinin qısa siyahısı-red.) daxil edilib. Fransa bu məsələdə maraqlıdırsa, müzakirəyə hazırıq” , - Satqaliyev deyib.

Elektrik enerjisinin istehsalı üzrə energetika infrastrukturu müasir standartlara cavab verməyən Qazaxıstan bu sahəyə və AES tikintisinə investisiya cəlb etməyə çalışır. AES inşasına gəldikdə isə, əhalinin razılığını almaq üçün Qazaxıstan hakimiyyəti gələn il ümumxalq referendumu keçirməyi planlaşdırır.

İqtisadi rəqabət və geosiyasi mübarizə

Qazaxıstanda AES tikintisinə Fransadan başqa Rusiya, ABŞ və Cənubi Koreya da iddialıdır. Əvvəlcə bu layihənin “Rosatom”a həvalə olunacağı planlaşıdırılsa da, xarici siyasət müstəvisində mövcud olan reallıqlar səbəbindən Astananın bu addımı atacağı real görünmür. Odur ki Fransanın kompromis variant kimi seçiləcəyi istisna edilmir.

Məhz bu kimi məqamlar Makronun Qazaxıstan və Özbəkistan səfərlərinin arxasında həm də ciddi geosiyasi məqsədlərin gizləndiyini sübut edir.

Əvvəla,
Makronun Mərkəzi Asiyanın iki aparıcı ölkəsinə səfəri onun Aİ-də və NATO-da liderlik uğrunda apardığı mübarizənin elementlərindən biridir. Bu kontekstdə Fransa təkcə Almaniya ilə geosiyasi müstəvidə yox, həm də Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq çərçivəsində kifayət qədər güclü mövqeyə malik Vaşinqton və Londonla rəqabətdən qalib çıxmaq məqsədi güdür.

Yeri gəlmişkən, uran təchizatı üçün niyə dünyada ən böyük ehtiyatlara malik Avstraliyaya yox, məhz Qazaxıstana üz tutması Parisin AUKUS-la bağlı “təhqiri” hələ də həzm edə bilməməsindən irəli gələ bilər.




Kollektiv Qərbin geosiyasi maraqları prizmasından yanaşdıqda isə, Fransa prezidentinin səfərini Mərkəzi Asiya ölkələrinin Rusiyanın təsir orbitindən çıxarılması yönündə aparılan geniş planın növbəti fraqmentlərindən biri kimi qiymətləndirmək olar.

Bu baxımdan, Makronun Astanadakı çıxışında Qazaxıstan prezidentinin kiminsə “vassalı” olmaq istəmədiyini xüsusi vurğulaması heç də təsadüf deyil.

Hansısa bir gücün vassalı olmaqdan imtina edərək, müxtəlif ölkələrlə çoxlu və balanslı əlaqələr qurmağa çalışaraq tutduğunuz yolu Fransa yüksək qiymətləndirir. Ölkənizə qarşı mümkün təzyiqləri və siyasi çətinlikləri qeyd etməyə bilmərəm. Biz dostlarımıza, onların suverenliyinə hörmət edirik və ehtiyac duyduqları zaman onların yanındayıq. Böyük güclərin, eləcə də regional güclərin hegemonluq etmək istədiyi hazırki dövrdə bu fəlsəfəni bölüşən dostların olması yaxşıdır”, - Makron deyib.

Makronun bu bəyanatı Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımayan Qazaxıstan və Özbəkistana ünvanlı mesajıdır. Bu həm də Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl etməyə söz vermiş Astana və Daşkəndin vədinə xilaf çıxmamaları üçün ciddi xəbərdarlıqdır.

Fransa prezidentinin Özbəkistanda da eyni ruhlu bəyanatlarla çıxış edəcəyi istisna deyil. Bununla yanaşı iddia edilir ki, Makronun Daşkəndə səfərinin də əsas qayəsi uran ehtiyatlarının Fransaya idxalına və ənənəvi enerjidaşıyıcıları barədə müvafiq razılaşmalara nail olmaqdır.

Maraqlıdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirərkən Qazaxıstanın suveren dövlət kimi istənilən ölkə ilə əlaqələrini inkişaf etdirmək hüququ olduğunu desə də, xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyanın qonşularını və müttəfiqlərini ondan uzaqlaşdırmağa çalışdığını söyləyib.

Makronun məhz Mərkəzi Asiyaya səfəri ərəfəsində Lavrovun bu cür bəyanatla çıxışı Moskvanın hadisələrə heç də kənardan baxmadığından xəbər verir. Son bir neçə ildə Mərkəzi Asiyada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmiş Ankara və Pekinin də hələlik bu səfərə rəsmi reaksiya verməməsi o demək deyil ki, onlar Makronun fəallığının geosiyasi aspektlərinin pərdəarxasına bələd deyillər.

Sahil İsgəndərov, politoloq



Teqlər:





Xəbər lenti