Pul-əmtə-pul münasibətlərində qadının yeri

// Vüsal Məmmədov "sevgi iqtisadiyyatı"nın nə olduğunu anlamağa çalışır

      Pul-əmtə-pul münasibətlərində qadının yeri
  28 Oktyabr 2023    Oxunub:11310
Azərbaycan feministləri bir ağızdan “kişi qadına pul xərcləməlidir” deyirlər. Məsələni çirkin tərəfə döndərib, “f” ilə başlayan iki sözü bir qəfəsə salmaq da olardı, amma biz bunu etməyəcəyik. Biz pulun və pul xərcləmək psixologiyasın cinslərarası münasibətlərdə təzahürünün doğura biləcəyi nəticələrdən danışacağıq.
İnsan pul xərcləyirsə, demək, nəyisə alır. Bu, qanundur. Hətta övladınızı sevindirmək üçün pul xərcləyəndə belə, siz o pula balanızın məmnunluğunu görərkən keçirdiyiniz xoşbəxtlik hissini satın alırsınız.

Pulun psixologiyası belədir: Sən pul verirsənsə, əvəzində hansısa malımı, xidmətimi - amma bütün hallarda nəyisə alırsan. Almasan belə, beynin bunu almış kimi qəbul edəcək. Çünki pul – mübadilə vasitəsidir. İqtisadiyyat kitablarında tərifi də məhz elə belə yazılıb: “Universal mübadilə vasitəsi”.

Kişi əgər qadına pul xərcləyirsə, onun beyni xərclədiyinin müqabilində nəsə almaq, yaxud, nəyəsə sahiblənmək istiqamətində işləyəcək. Bu, latent insan alveridir. Razılaşmaya bilərsiniz, amma şüurumuzun mental mexanizmləri məndən-səndən-ondan-on birdən asılı olmayaraq belə işləyir: Pul xərcləyirsənsə, nəsə alırsan. Amma nə? Xərclədiyi pulun müqabilində kişi qadından nə alır, ala bilər, almalıdır?.. Yadıma məşhur lətifə düşdü:
- Bütün kişilər qadınlardan ancaq bir şey istəyirlər!
- Qadınlar da başqa şey təklif edə bilmirlər axı...


Beləliklə, ortada pul varsa, münasibətlər bəsit mübadilə sxemi səviyyəsinə enir: Kişi qadına pul xərcləyir, əvəzində qadın da kişini məmnun edən nəsə verir. Əmtə-pul-əmtə ştrix. Prinsipcə pis formul deyil, yaşamaq olardı, amma ortaya bir sual çıxır: Münasibətlər azad mübadilə sxemidirsə, pulu da kişi ödəyirsə, niyə əmtəni ancaq bir qadından almalıdır? Xüsusilə də bazarın bu cür rəngarəng, qəlb oxşayan, gözə sığal çəkən vaxtında?! (Eyni sual qadın üçün də keçərlidir.)
Kişi pul ödədiyi anda müştəriyə çevrilir, müştəri isə həmişə haqlıdır.

Bax, bunu dərk edəndən sonra kişi-qadın münasibətlərinin əslində nə olduğu (və nə olmadığı) haqqında danışmaq mümkündür. Əgər münasibətdə hər hansı bir formada pul iştirak edirsə, bu, mahiyyətcə iqtisadi münasibətdir. İqtisadi münasibətlər qurmaqda pis bir şey yoxdur, sadəcə, adını düzgün qoymaq şərtilə. Ailənin iqtisadiyyatı var və olmalıdır da, amma sevginin iqtisadiyyatı absurd səslənir. “Ailənin iqtisadiyyatı” isə kişinin qadına nəsə alması deyil, ümumi resursların ailənin ortaq maraqlarına uyğun necə sərf edilməsidir.

Bu gün bütün dünyada qadının ünsiyyəti, təbəssümü, qayğısı, kişinin yanında boş görünən yeri öz gözəlliyi ilə doldurması asanlıqla pulla alına bilən leqal xidmətdir. Qərbdə buna “eskort” deyirlər. Bizdə isə hələ adı qoyulmadığı üçün ortaya indi etdiyimiz sayaq söhbətlər çıxır.

Qadınla kişinin arasında olan hər münasibət heç də “qadın-kişi” münasibəti demək deyil. Onların arasında müxtəlif (o cümlədən, eskort kimi) xidmətləri, kommersiya, təsərrüfat əlaqələrini, biznesi, dostluğu əhatə edən müxtəlif münasibətlər ola bilər. Hətta ailənin daxilində ərlə arvadın münasibətinin də qadın-kişi münasibəti olmaması nəinki mümkündür, mən deyərdim, çox geniş yayılmış haldır. Xeyli ailələrdə ərlə arvadı təsərrüfat münasibətlərindən başqa heç nə bağlamır. Bu, haradasa normaldır, çünki ailə - ortaq təsərrüfat subyektidir.

Qadın-kişi münasibətləri isə odur ki, iki nəfər azad, bir-birindən asılı olmayan, həyatını təkbaşına qurmağı da bacaran Şəxsiyyət ayrı-ayrılıqda belə qərara gəlirlər ki, dünyalarının daha gözəl olması üçün konkret bir nəfərə ehtiyac var. Ancaq ona, yalnız və məhz həmin o BİR NƏFƏRƏ, ondan savayı heç kimə və heç nəyə yox, çünki xoşbəxt olmaq üçün başqa hər şey var.

Yalnız müstəqil, azad – o cümlədən də iqtisadi cəhətdən azad!!!,- olan iki nəfər qadın-kişi münasibətlərinə girə bilərlər. Qalan bütün hallarda qurulan iqtisadi-təsərrüfat-xidmət münasibətləri olacaq.

Vüsal Məmmədov

AzVision.az saytının baş redaktoru


Teqlər: Qadın-kişi   Un-Homme-Et-Une-Femme  





Xəbər lenti