Geosiyasi siğə və xəyanət: Erməni sevgisi İranın reallığı görməsinə mane olur

     Geosiyasi siğə və xəyanət:    Erməni sevgisi İranın reallığı görməsinə mane olur
  19 Sentyabr 2023    Oxunub:3523
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin keçirdikləri birgə hərbi təlimlərin məqsədinin “Kütləvi qırğın silahının qarşısını almaq imkanlarının gücləndirilməsi” olduğunu açıqladı. Regionda kimyəvi, bioloji silahlar olmadığından, söhbət ancaq nüvə silahından gedə bilər. Ermənistanın 4 qonşusundan ancaq biri – İran nüvə texnologiyasını inkişaf etdirir.
ABŞ-ın 10-cu Dağ Diviziyasının komandanı general-mayor Qriqori Andersonun sonradan hərbi təlimlərə qatılması əsasən dağlıq ərazinin öyrənilməsindən söhbət getdiyini deməyə əsas verir. Ermənistanın İranla sərhədi məhz dağlıq ərazidir. Bu da təsdiqləyir ki, ABŞ-ın təlimlərində əsas hədəf məhz İrandır. Təlimlər yeni elan olunanda ABŞ İranın güclü müqavimətini gözləyirmiş. Bu olmadığına görə təlimlər Pentaqonun planı üzrə reallaşdı.

Ermənistan Birləşmiş Ərəb Əmirlikləri və Qətər ilə sıx əlaqəyə malikdir. Bu dövlətlərin Ermənistanla əlaqələrində əsas məqsəd İslam və xristian dünyasının xoş münasibətini nümayiş etdirməkdir. BƏƏ Ermənistan üçün həm də Səudiyyə Ərəbistanına gedən yol kimi maraqlıdır. Əmirliklər Ermənistan üçün həm də pul kisəsidir. Amma son vaxtlar İrəvan həmin ölkədən xahişlərinə tez-tez “yox” cavabları alır. Buna baxmayaraq, BƏƏ ilə əlaqəni intensivləşdirirsə, demək, başqa məqam da var. Bu da böyük ehtimalla, İranla əlaqəlidir.

Ermənistan İranın şimalında, BƏƏ isə cənubunda yerləşən qonşusudur. BƏƏ-nin İranla üç ada problemli var. Ermənistan BƏƏ ilə vizasız rejim haqqında müqavilə imzalamaqla 3 adanı onun tərkib hissəsi kimi tanıdı. Bu addımın ABŞ ilə təlimlərlə eyni vaxta düşməsi Ermənistanın sona qədər anti-İran mövqeyində olduğunun göstəricisidir. Bu halda təbii ki, İrandan qorunmaq üçün tədbirlər də görməlidir. Çünki Rusiya daha Ermənistanın təhlükəsizliyinə təminat verməyəcək.

Ermənistanın iqtisadiyyat naziri V.Kerobyanın İraqa gözlənilməz səfərinin də səbəbi bəlli deyil. ABŞ-ın İraqa ikinci hücumunun katalizatoru İraqda yaşayan ermənilər olmuşdu. Erməni Apostol Kilsəsinin İraq yeparxiyasının başçısı Avaq Asaduryan Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri burada az rol oynamamışdı. Ümumiyyətlə, İraqın bütün vacib şəhərlərində nüfuzlu ermənilər və din xadimləri Mərkəzi Kəşfiyyat İdarəsilə əlaqə saxlayırlar. İraq ermənilərinin həm İraqda, həm də ABŞ-da təşkil etdiyi piketlər ABŞ-a İraqa hücum üçün bəhanə vermişdi.

Paşinyan İrana səfəri zamanı Tehran və İsfahanda Erməni Apostol Kilsəsinin yeparxiyasına baş çəkmişdi. Oradan qayıtdıqdan sonra İsrailə dörd nümayəndə heyəti göndərdi. Bunlardan ikisi rəsmi statuslu idi. Düşünmək olar ki, hansısa yolla ABŞ İrandakı dindarlarla da müəyyən işlər qurub. Söhbət məlumatın toplanması, etiraz aksiyalarının keçirilməsi və s. kimi fəaliyyətlərdən gedir. İrana qarşı Ermənistanın ərazisindən istifadə olunmasına İrəvanın razılıq verdiyi də aydındır.

İran rəsmiləri Ermənistanın anti-İran platsdarmına çevrilməsinə inana bilmirlər. İranın Ermənistandakı səfirləri Tehrana yalnız pozitiv hesabatlar göndərə bilərlər. Amerika da elə Tehranın Ermənistana sonsuz inamından faydalanmağa çalışır.
Regiona erməniləri gətirən, onlara dövlət yaradan Rusiyadır. Əgər ermənilər hətta Rusiyaya belə xəyanət edirlərsə, İranı satmaq onlar üçün çox asandır. Çünki İranın bütün elitası Ermənistana inanır.

Bu gün Urmiyada ermənilər xeyli aktivdir. İranın müsəlman gəncləri Avropaya getmək üçün xristianlığı qəbul edir, cinsi azlıqlara qoşulur. ABŞ-ın Ermənistandakı səfirliyi İrana qarşı regional casusluq mərkəzidir. Güney Qafqazda İrana qarşı ideyalar məhz ABŞ-ın Ermənistandakı səfirliyində toplanır və qərarlar qəbul edilir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İran   Ermənistan  





Xəbər lenti