Svyatoslav Andrianov: “Erməni lobbisi Almaniyada suyu bulandırır” – Müsahibə

      Svyatoslav Andrianov:    “Erməni lobbisi Almaniyada suyu bulandırır” –    Müsahibə
  16 Sentyabr 2023    Oxunub:12259
“Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmada Almaniya hökumətinin rəsmi mövqeyi tamamilə konkretdir: Berlin Qarabağ bölgəsini Azərbaycanın bir hissəsi hesab edir. Buna baxmayaraq, Almaniya siyasi dairələrində və mediasında Qarabağ ermənilərinin gələcəyilə bağlı narahatlıqlar getdikcə daha çox ifadə olunur”.
Bu sözləri AzVision.az -a müsahibəsində Almaniya Xarici Siyasət Şurasının üzvü, Avrasiyada Strateji Tərəfdaşlıq üzrə Berlin Komitəsinin sədri, həmçinin “Siyasi Təhlil və İnformasiya Təhlükəsizliyi Mərkəzi”nin direktoru Svyatoslav Andrianov deyib.
O bildirib ki, son vaxtlar Almaniyada onlarla KİV-də “Laçın dəhlizinin bağlanması” səbəbindən Qarabağda “humanitar fəlakətin” baş verməsi barədə məlumatlar dərc edilir, Azərbaycanın “Qarabağla əlaqəsi olmayan əraziləri, məsələn, Cermuku atəşə tutması” ilə bağlı qınaqlar yağdırılır:

- Bundestaqdakı həmsöhbətlərimdən biri Azərbaycandakı vəziyyətlə bağlı söhbətində açıq şəkildə dedi: “Biz ötən ilin sonunda Laçın dəhlizinin qarşısını kəsənlərin hansısa “ekoloji fəallar” olduğuna inanmırıq. Azərbaycan avtoritar dövlətdir, onun ekoloji fəallıqla heç bir əlaqəsi yoxdur, onlar paltarlarını dəyişmiş Azərbaycan hərbçiləri idi”.
Almaniya hökumətinə yaxın olan digər həmsöhbətim bildirdi ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə qarşı çıxmaqdan getdikcə daha az qorxur: “Biz bunu 2022-ci ilin sentyabrında 300 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra başa düşdük. Azərbaycan Qarabağa tam nəzarət edəndən sonra erməni əhalisinin oradan qovulacağı ilə bağlı narahatlıqlar var”.
Amma belə tənqidi münasibətə baxmayaraq, hər iki həmsöhbətim Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının Berlinin maraqlarına uyğun olması ilə razılaşdılar.

- Almaniyada erməni lobbisi nə dərəcədə güclüdür?
- Almaniyada erməni lobbisi kiçik olsa da, təsir gücü var. Bunu təkcə mən yox, Türkiyə Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu da deyib.
O, Fransa və ya ABŞ-da olduğu kimi nəzərə çarpmır, lakin Bundestaq 2016-cı ildə “erməni soyqırımı”nı rəsmən tanıdı, baxmayaraq ki, bir sıra türk tarixçilərinin fikrincə, bu günə qədər o zaman Osmanlı hökumətinin erməniləri məhv etmək niyyətində olmasını sübut edə biləcək heç bir həqiqi sənəd yoxdur.
Bəli, məcburi köçürmə, erməni əhalisi arasında çoxlu sayda qurbanlar olub, bunu heç kim inkar etmir. Lakin 20-ci əsrdə onlarla xalq məcburi köçürülməyə məruz qalıb. Türkiyə dəfələrlə müstəqil tarixçilər tərəfindən hadisələrin araşdırılması üçün alimlərdən ibarət ortaq komissiya yaradılmasını təklif edib. Ermənistan Ankaranın təklifini rədd edib, üstəlik, arxivlərini açmaqdan da imtina edib.
Doğrudur, “Aram Andonyanın sənədləri” 1919-cu ildə “Hodder & Stoughton” tərəfindən nəşr edilib. Bu nəşriyyat müharibə illərində Birləşmiş Krallığın düşmənləri haqqında təbliğat materialları dərc edirdi.
BMT-nin 1948-ci il Soyqırımı Konvensiyasına əsasən, soyqırımı - “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən” aktdır. Ancaq bu hərəkətlər gərək 1951-ci ildən, yəni Soyqırım Konvensiyasının qüvvəyə minməsindən sonra baş vermiş olsunlar.
Erməni lobbi təşkilatları və onların akademik dəstəkçiləri soyqırımı kütləvi qətllə qarışdıraraq, saymazyana şəkildə BMT-nin beynəlxalq miqyasda qüvvədə olan Konvensiyasının üzərindən keçirlər. Özü də 3 milyondan çox etnik türkün yaşadığı bir ölkədə! Almaniyadakı erməni lobbisinin böyük təsir gücünə dair başqa hansı sübutlara ehtiyac var?

- Bəs Almaniya hökumətində türk lobbisinin çəkisi nə qədərdir?
- “Erməni soyqırımı”nın tanınmasına baxmayaraq, Almaniyadakı türk lobbisinin kifayət qədər ciddi çəkisi var. Səbəblər bunlardır:
• Birincisi, ölkədə rəsmi olaraq 3 milyondan çox türk yaşayır və onlar yüzlərlə rəsmi qeydiyyatdan keçmiş icma və dərnəklərdə birləşirlər.
• İkincisi, türklər fəal siyasətlə məşğuldurlar, bütün səviyyələrdə parlamentlərə deputat seçilirlər.
• Üçüncüsü, türk lobbisi mədəniyyət və media sahəsində böyük işlər görür, səhnədə, idmanda, kinoda, televiziyada öz həmvətənlərinin müsbət imicini formalaşdırır.
Ancaq Almaniyadakı erməni fəallar “Boz Qurd” təşkilatının fəaliyyətinə qadağa qoyulmasına nail ola bilməyiblər, çünki alman xüsusi xidmət orqanlarının xeyli suallarına cavab verməyi bacarmayıblar.
Eyni zamanda, PKK hələ də Berlinin qadağası altındadır. Lakin Almaniyadakı türk diasporu siyasi baxımdan çox dağınıqdır. O, Türkiyənin bütün siyasi qüvvələrini əhatə edir: millətçilər, solçular, kürdlər, islamçılar və s.

- Avropa İttifaqının Ermənistandakı iki illik mülki missiyası (EUMA) bu il fevralın 20-də işə başlayıb. Sizcə, missiya üzərinə düşən vəzifələrin öhdəsindən necə gəlir?
- Əvvəla, bu missiya intensiv həyata keçirilir. Missiyanın rəhbəri Markus Ritter vəziyyətin qeyri-sabit qaldığını qeyd edərək, missiyanın“nəhayət” tam fəaliyyətə yaxınlaşmasından məmnunluğunu ifadə edib.
İkincisi, mühüm amil missiyanın müşahidəçiləri arasında vəzifələrin bölüşdürülməsidir ki, bu da fikrimcə, kifayət qədər rasionaldır və səmərəli obyektiv işə töhfə verməlidir: müşahidəçilərin təxminən 30%-i vəziyyəti təhlükəsizlik baxımından qiymətləndirir, qalan 70% münaqişənin sərhədyanı rayonlarda mülki əhaliyə təsirini qiymətləndirməklə məşğuldur.
Üçüncüsü, missiya rəhbərinin - Heydelberq Universitetinin məzununun, Qafqazda işin xüsusiyyətlərini yaxşı bilən Doktor Ritterin təcrübəsini və nüfuzunu qeyd edərdim. O, münaqişə bölgələrində böyük təcrübəyə malikdir, 2004-2005-ci illərdə BMT-nin Kosovodakı sülhməramlı missiyasının polis qüvvələrinə rəhbərlik edib, 2007-2008-ci illərdə BMT-nin Gürcüstandakı müşahidə missiyasının polis qüvvələrinin qərargah rəisi olub. 2009-2011-ci illərdə Almaniya polisinin Əfqanıstandakı layihə qrupuna rəhbərlik edib, 2012-2013-cü illərdə isə Avropa İttifaqının Cənubi Sudan missiyasının planlaşdırma və əməliyyatlar şöbəsinin rəhbəri olub.
Buna baxmayaraq, fikrimcə, missiyanın fəaliyyəti yalnız Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşdığı halda səmərəli hesab edilə bilər, lakin bu, birtərəfli qaydada mümkün deyil. Ermənistan da bu normallaşmanı istəməlidir. Ermənistan üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycanla nəqliyyat kommunikasiyalarını açmağa, sərhədin delimitasiyasına, Azərbaycanla ictimai-siyasi dialoq qurmağa borcludur. Missiya üzvləri öz növbəsində tərəf tutmadan obyektivlik və neytrallıq prinsipinə əməl etməlidirlər.
Təəccüblüdür ki, müşahidə missiyasının mütləq şəffaflığına, müşahidəçilərdə silah olmamasına və missiya üzvlərinin maksimum sayının 103 nəfərlə məhdudlaşdırılmasına baxmayaraq, bəzi erməni politoloqlar missiyanın məqsədini “Rusiya və İrana qarşı casusluq” adlandırırlar. Məncə, bu qənaətlər faktlarla təsdiqlənmir və Ermənistanın təklifi ilə Fransanın birbaşa iştirakı ilə yaradılmış missiyanın işini gözdən salmaq cəhdidir. Bəlkə də səbəb məhz missiyanın effektivliyində və neytrallığında gizlənir.
Hesab edirəm ki, Aİ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlıdır, ona görə də, Paşinyanın Aİ-nin monitorinq missiyasının köməyi ilə “suyu bulandırmağa” və Ermənistanın öhdəliklərini yerinə yetirməsini gecikdirməyə ümid etdiyi barədə söhbətlər doğru deyil. Çünki bunu etməyə sadəcə olaraq Brüssel icazə verməyəcək. O, siyasi məqsədlərinə çatmaq üçün missiyanı əlində alətə çevirə bilməyəcək, çünki bu, Brüsselin məqsədlərinə ziddir.
Həm Brüssel, həm də Vaşinqton hazırda Ukrayna münaqişəsi ilə məşğul olan Rusiyanın regionda təsirini məhdudlaşdırmaq üçün münaqişənin tez bir zamanda həllinə can atırlar. Bakı da öz növbəsində Ermənistanla sülh sazişi bağlamağa çalışır. Bir tərəfdən 2020-ci il müharibəsinin nəticələrini möhkəmləndirmək, digər tərəfdən İranla bağlı daha effektiv siyasət aparmaq üçün resurslarını azad etmək istəyir, çünki Tehran və Bakı arasında münasibətlər yaxın illərdə böyük ehtimalla regionun geosiyasətində aparıcı olacaq və şübhəsiz, Azərbaycandan çoxlu enerji və resurs tələb edəcək. Beləliklə, fikrimcə, həm Brüsselin, həm Bakının, həm də Vaşinqtonun Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsi bağlanması üçün ümumi məqsədləri var.

Murad Nəcəfov
AzVision.az


Teqlər: Müsahibə   Almaniya  





Xəbər lenti