Birinci xanım Vatikanın qədim kitabxanasında

Birinci xanım Vatikanın qədim kitabxanasında
  03 İyun 2014    Oxunub:1202
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Vatikan Apostol Kitabxanası ilə tanış olub.

Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes məlumat verərək bildirib ki, dünyada tanınan ən qədim kitabxanalardan olan Vatikan Apostol Kitabxanasının əsası 1475-ci ildə qoyulub. Burada tarixin müxtəlif dövrlərinə aid 1 milyondan artıq kitab saxlanılır. 2007-ci ilin iyulunda bağlanan kitabxana 2010-cu ilin sentyabrında yenidən ziyarətçilər üçün açıq elan olunub. 2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılıb. Bu prosesin dörd il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Mehriban Əliyevaya kitabxananın fəaliyyəti və texniki imkanları, Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, kitabxanada mövcud olan bir çox əlyazmalar, o cümlədən Azərbaycana və regiona aid müxtəlif əlyazmalar Fondun dəstəyi ilə bərpa olunmaqdadır. Birinci mərhələdə 48, ikinci mərhələdə 16 əlyazma bərpa olunur. Üçüncü mərhələdə isə 11 əsərin bərpası həyata keçiriləcəkdir.
Azərbaycanın birinci xanımına 50-yə yaxın qədim əlyazmanın bərpa olunmuş variantları təqdim edilb.

Azərbaycanın birinci xanımı Xəzər dənizi regionu və Orta Şərq bölgəsini əhatə edən xəritələrə də baxıb. Bildirilib ki, bu xəritələr kitabxananın qiymətli nümunələri sırasındadır.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair yeni müqavilə imzalayıblar.

Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes bu təşəbbüsə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirdi və gələcəkdə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu söyləyib.

Heydər Əliyev Fondunun qədim əlyazmaların bərpası işinə məmnunluqla dəstək verdiyini qeyd edən Azərbaycanın birinci xanımı qədim əlyazmaların ümumbəşəri dəyərlər olduğunu vurğulayıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.


Teqlər:  





Xəbər lenti