AzərTAc `Səudiyyə Press` ilə müqavilə imzaladı

AzərTAc  `Səudiyyə Press` ilə müqavilə imzaladı
  31 May 2014    Oxunub:978
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası çərçivəsində mayın 30-da AzərTAc ilə Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn və AzərTAc-ın baş direktoru Aslan Aslanov imzalayıblar.

Memorandum tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

İmzalanma mərasimindən sonra Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn ilə AzərTAc-da görüş olub. Görüşdə AzərTAc-ın baş direktoru Aslan Aslanov qonaqlara 1920-ci ildə Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli informasiya agentliyinin keçdiyi inkişaf yolu, müstəqillik illərində əldə etdiyi uğurlar və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.

AzərTAc-ın SPA agentliyi ilə Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor agentliklər arasında informasiya mübadiləsinin vacibliyini bildirmiş, bu baxımdan imzalanmış Memorandumun əhəmiyyətini vurğulayıb.

SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn Azərbaycana səfərindən məmnunluğunu bildirib, Bakıda aparılan möhtəşəm quruculuq işlərinin onda böyük təəssürat doğurduğunu, imzalanmış Anlaşma Memorandumunun milli agentliklər arasında informasiya mübadiləsi işinə töhfə verəcəyini diqqətə çatdırıb.

Sonra Abdullah bin Fəhd əl-Hüseyn AzərTAc-ın kollektivi ilə görüşüb, jurnalistlərin suallarını cavablandırıb.


Teqlər:





Xəbər lenti