Deputat: “Hayları dəstəkləyənlərin məqsədləri bəllidir”
Azərbaycan Prezidentinin Qarabağdakı separatçı ünsürlərin amnistiyası məsələsinə də baxıla biləcəyi haqda Birləşmiş Ştatların da alqışlaması qarşılığında “prezident” Araik Harutyunyanın diktatorlara xas hərəkətinə başda “Freedom house” olmaqla demokratiya carçısı, insan haqları təəssübkeşləri sayılanların hikkədən partlayacaqları barədə düşüncələrimiz də özünü doğrultmadı.
“Təsəvvür edirsinizmi, amnistiya haqda açıqlama səslənər-səslənməz separatçıların dəstəbaşısı Qarabağdakı haydillilərin mitinq keçirməsinə, sosial şəbəkədə nəsə paylaşmasına qadağa qoyan, hələ bunlar azmış kimi internetdə rejim əleyhinə hər hansı bir material axtarışına görə həbs nəzərdə tutan dırnaqarası sərəncam verir. Özgə vaxt toplaşma və söz azadlığından dəm vuranların isə heç tükləri də tərpənmir. Əksinə yenə Azərbaycana təzyiqlər edilir”, - Sahib Alıyev deyib.
ABŞ və Avropa Birliyinin ATƏT-dəki təmsilçilərinin Laçın yoluyla yüklərin azad şəkildə daşınmasının təmin olunmasından, Qarabağdakı haydillilərin hüquq və təhlükəsizliklərinin təminindən dəm vurduqlarını deyən millət vəkili, onlara ritorik suallar ünvanlayıb.
- Kimdir onları təhlükəyə sürükləyən, Qarabağda qanunsuz silahlı birləşmə saxlayanlar yoxsa, Azərbaycan? Kimdir onların hüquqlarını pozan, separatçı rejim haqda internetdə hansısa mənfi materialın axtarışına görə həbs tətbiq edənlər, yoxsa Azərbaycan? Ümumiyyətlə, yeritdikləri siyasət üzündən cəhənnəmə çevrilən ölkələrindən qaçanların hər yolla qarşısını kəsənlər, onları dənizlərdə batıranlar, gəlib çıxanları qəfəsdə saxlayanlar Laçın yoluyla azad gediş-gəliş deyiləndə nəyi nəzərdə tuturlar? Həmən yolla yenə minaların daşınmasınımı, İranın və digərlərinin göndərdikləri terror təlimçilərinin Qarabağa sərbəst gediş-gəlişlərinimi?”, - Sahib Alıyev sual edib.
Millət vəkili, qərbdəkilərin bu normal məntiqə sığmayan bütün davranışlarının əslində nədən irəli gəldiyinin sirr olmadığını, onların Ermənistanın və Qarabağdakı separatçı ünsürlərin yeni savaş hazırlığı gördüklərini yaxşı bildiklərini vurğulayıb. Çünki hayları revanşizmə sürükləyən və artıq onları silahlandıran Fransa kimi dövlətlərin də istəyi elə budur.
“Maraqlıdır necə olur ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, özünü və ölkəsini vasitəçi kimi sırımağa çalışan Makron isə bizim torpaqlarımızı “mübahisəli ərazi” adlandırır? Yəqin ki, o, Almaniyaya cəmisi 42 günə təslim olan ölkəsinin təcrübəsindən çıxış edərək Ermənistanı da uduzduğu savaşın benefisiarına çevirmək istəyir. Amma unudur ki, indi ikinci dünya savaşı dönəmi deyil, bəlli səbəblərdən Fransanı da öz cərgələrinə qoşanlar hazırda Ukraynada əks cəbhədədirlər, ən əsası o zaman “böyük bacı” işğal olunmuşdu, onun Hitler Almaniyası sayaq nasizm xəstəliyinə yoluxmuş “kiçik bacısı” isə başqasının torpağına soxulmuşdu, oradan vurulub çıxarılıb. Amma təəssüf ki, hələ tam yox. Onun ordusunun tör-töküntüləri hələ də Qarabağdadır”, - millət vəkili deyib.
Amma deputat Azərbaycanın bu vəziyyətlə barışacağını, ordusunun mövqelərinin davamlı atəşə tutulacağını görməzdən gələcəyini düşünənlərin, Ermənistanı yeni savaşa sürükləyənlərin yanıldıqlarını bildirib.
- Unutmasınlar ki, Ermənistan yenidən qarşıdurmaya baş vursa, bu dəfə “böyük bacı”nın ikinci dünya savaşındakı rüsvayçı məğlubiyyət rekordunu təzələyəcək, yəni ordusu 2020-ci ildəki kimi 44 günə yox, uzağı bir aya darmadağın ediləcək. Mən əminəm ki, başında cənab Əliyevlə sayın Ərdoğan kimi əsl liderlərin durduğu Azərbaycanla Türkiyə Ermənistanın necə Suriyaya çevrildiyinə seyrçi qalmayacaq, təhlükəsizliyimizin təminatı üçün gərəkən nə lazımdırsa edəcəklər”, - Sahib Alıyev vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


