Honkonq modelini Qarabağ üçün təklif edənlər gecikiblər

   Honkonq modelini Qarabağ üçün təklif edənlər    gecikiblər
  07 İyun 2023    Oxunub:1018
Azərbaycan Prezidenti İlham Əliyev müharibədən əvvəl Qarabağ üçün beynəlxalq təcrübədə mövcud olan ən yüksək muxtariyyət modeli təklif edirdi. Belə modellər dünyada kifayət qədərdir.
Ermənistan hakimiyyəti muxtariyyət modelini qəbul etmədi, separatçılarla birgə “müstəqillikdən” başqa heç bir təklifi qəbul etməyəcəklərini bildirdilər. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra özlərini qalib hiss etdiklərindən “şərtlərini” diqtə etməyə çalışırdılar. Minsk Qrupu həmsədrləri də yüksək muxtariyyət modeli təklifini müzakirə etməyə həvəsli deyildilər. Ermənistanın baş naziri Nikol Paşinyan içkili şəkildə keçmişdə işğal altındakı Şuşada yallı gedərək “Qarabağ Ermənistandır” deyib tuturdu.

Amma İkinci Qarabağ müharibəsi reallıqları dəyişdirdi. Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan qələbə çalması və torpaqlarının böyük hissəsini azad etməsindən sonra hazırda şərtləri diqtə edən tərəfdir. Bundan sonra ermənilərə heç bir xüsusi status verilməyəcək. Bunu özləri və beynəlxalq aləm də anlayır.

- Qarabağ erməniləri müharibəyə qədər onlara təklif edilən yüksək muxtariyyət statusunu əldə etmək şansını itirdilər. Nikol Paşinyan da reallığı qəbul etmək məcburiyyətində qalaraq artıq “Qarabağ Azərbaycandır” deməyə başlayıb.
Buna baxmayaraq, erməni ekspertləri ara-sıra Qarabağ üçün yüksək muxtariyyət modeli haqqında fikirlər səsləndirirlər. Rusiya mətbuatında da bu mövzuda məqalələr yayımlanır. Modellərdən biri kimi Honkonqun adı çəkilir. Böyük Britaniya imperiyasının tərkib hissəsi olan Honkonq Londonla Pekin arasındakı razılığa görə, 1997-ci ildə Çinin tərkibinə qatılıb. Rusiya qəzetlərinin birində yayımlanan məqalədə Honkonq modelini Pekinin Azərbaycana təklif edə biləcəyinə eyham vurulub. Bu belə əsaslandırlıb ki, Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətlərinə malikdirlər, - ekspert qeyd edib.

O xatırladıb ki, Honkonq “bir ölkə, iki sistem” kursu əsasında Çinə birləşdirilib. Çində hakimiyyət birpartiyalı əsasda formalaşıb, Kommunist Partiyası ölkənin siyasi həyatına hakimdir.

- Honkonqda isə çoxpartiyalı sistem mövcuddur. Honkonq Çinin tərkibində xüsusi idarəetmə formasına malikdir. Maliyyə müstəqilliyinə malik olan Honkonqun xarici siyasət və ordu saxlamaq hüququ yoxdur. Bunlar Çinə aiddir. Bu model bir neçə səbəbdən Azərbaycanın işinə yaramır. Birincisi, Çində və Honkonqda yaşayanlar çinlilərdir, bu səbəbdən separatçı fəaliyyət üçün zəmin yoxdur.
İkincisi, prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları mövcuddur, Azərbaycan qanunlarına tabe olacaq ermənilər bu çərçivədə idarəetmə hüquqlarına malik olacaqlar, hansısa geri dönüş mümkün deyil,- politoloq vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ   Honkonq  





Xəbər lenti