Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində

   Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində
  01 İyun 2023    Oxunub:696
Azərbaycan mayın 30-dan Nepalın Pokhara şəhərində keçirilən və sabah başa çatacaq Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təmsil olunur.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, Məsuliyyətli və davamlı turizm sənayesinin inkişafında geniş müzakirələrin aparılmasına və imkanların araşdırılmasına həsr olunan tədbirdə ölkəmizi Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid və Agentliyin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov təmsil edir.



F.Zenqstşmid ötən gün "Məsuliyyətli turizm sənayesi üçün çağırışlar və imkanlar" adlı sessiyada panel spikeri qismində iştirak edib.

Panel müzakirəsində isə məsuliyyətli turizmin müxtəlif aspektləri, sənayenin üzləşdiyi problemlər və davamlı inkişaf üçün potensial imkanlar haqqında fikir mübadiləsi aparılıb. Paneldə çıxış edən F.Zenqstşmid Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atdığını, bu istiqamətdə nəticələr əldə etdiyini qeyd edib. O, Azərbaycanda quş müşahidəçiliyi və gəzinti marşrutları kimi dayanıqlı turizm təkliflərinin inkişaf etdirildiyini, daha çox ekoloji cəhətdən təmiz təcrübələrin təbliğinə diqqət yetirildiyini, eyni zamanda yerli mətbəx və qədim üsulların qorunmasını dəstəkləyən "Slou Fud" layihəsi kimi təşəbbüslərin mövcudluğunu diqqətə çatdırıb.

Səfər çərçivəsində Agentliyin şöbən müdiri M.Muradov PATA-nın regionda turizmin gələcəyi və qərarların qəbulu prosesinə həsr olunmuş hökumət nümayəndələrinin iclasında iştirak edib.

PATA-nın illik sammiti turizm sənayesinin inkişafındakı problemləri və fürsətləri müzakirə etmək üçün dövlət və özəl sektoru təmsil edən beynəlxalq turizm nümayəndələrini bir araya gətirən platformadır. Azərbaycan PATA-ya 2019-cu ildən etibarən üzvdür.

AzVision.az


Teqlər:





Xəbər lenti