"Xalqın faciələri Heydər Əliyev hakimiyyətdən gedəndən sonra başladı" - Prezident

   "Xalqın faciələri Heydər Əliyev hakimiyyətdən gedəndən sonra başladı" -    Prezident
  10 May 2023    Oxunub:1091
Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Ümummilli Liderin Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxardığını vurğulayan dövlətimizin başçısı bildirib: “Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər”.

Azərbaycan Prezidenti qeyd edib ki, Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi.

"Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi. Azərbaycan xalqının faciələrinin Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər”.

AzVision.az


Teqlər:



Xəbər lenti