`Məzun yarmarkası`nda 1000-ə yaxın iş yeri

  23 May 2014    Oxunub : 531
`Məzun yarmarkası`nda 1000-ə yaxın iş yeri
Mayın 23-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Naziriyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində IX “Məzun-2014” ümumrespublika yarmarkası keçirilib.
“Sənaye ili” çərçivəsində təşkil olunan yarmarkada 100-dən çox dövlət qurumu, sənaye müəssisələri, şirkət və banklar iştirak edib.

Təhsil Naziri Mikayıl Cabarov, İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və ADİU-nun rektoru Ədalət Muradov yarmarkaya baxış keçiriblər. Dövlət və özəl qurumların nümayəndələri, işəgötürənlər Təhsil Nazıri Mikayıl Cabbarova vakant iş yerləri haqda məlumat veriblər. Nazir işaxtaranların peşə seçimi ilə maraqlanıb və onlara düzgün seçim etmələrini tövsiyə edib.

“Məzun-2014” yarmarkasında rekord göstərici qeydə alınıb. Belə ki, tədbirdə 2500-ə qədər məzun iştirak edib. Eyni zamanda 12 ölkənin (ABŞ, Türkiyə, Rusiya, Kanada, Böyük Britaniya, Almaniya, Avstriya, Estoniya, Litva, Bolqarıstan, Ukrayna, Gürcüstan) 67 universitetinin məzunu da qatılıb.

“Məzun-2014” yarmarkasında gənclərə 1000-ə yaxin vakant iş yerləri təklif olunub. Bu da indiyə kimi qeydə alınmamış nəticədir. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil edilərək, ən qabiliyyətli və perspektivli məzunlar daimi və müvəqqəti iş yerləri ilə təmin ediləcəklər.

Yarmarka çərçivəsində işəgötürənlər məzunlara müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, staj keçmə, təqaüd və təcrübə proqramları da təqdim ediblər.

Tədbir çərçivəsində Bakının Səbail rayonunun 132-134 saylı təhsil kompleksinin XI sinif şagirdlərinin yarmarka ilə tanışlığı da təşkil olunub. Məqsəd şagirdlərin gələcək seçimlərində iqtisad yönümlü ixtisaslara maraqlarını artırmaqdır.

Yarmaka bitdikdən sonra müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilib.

Teqlər: