Paşinyandan Azərbaycana sərhəd təklifi

 Paşinyandan Azərbaycana sərhəd təklifi
  30 Mart 2023    Oxunub:1044
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistandan Azərbaycana, yəni Xankəndinə gedən yolun marşrutunun dəyişdirilməsindən danışıb.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ilə Qarabağda yaşayan erməniləri təmsil edənlər arasında əldə olunmuş razılığa əsasən, 2022-ci ilin avqustunda Laçın dəhlizinin marşrutu dəyişdirilib və yeni yol istifadəyə verilib.

“Laçın dəhlizi ilə Ermənistan Respublikasını birləşdirən yol tam hazır olmadığı üçün əvvəlcə Kornidzor körpüsü ilə Ermənistana daxil olan, Azərbaycan ərazisindən, sonra isə yenidən Ermənistan ərazisindən keçən müvəqqəti marşrutdan istifadə edilib. Hazırkı razılaşmaya görə, bu marşrut 2023-cü il aprelin 1-dək fəaliyyət göstərməli idi”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bir gün əvvəl Ermənistan Azərbaycan tərəfinə məlumat verib ki, razılaşmaya əsasən, Kornidzor körpüsündən sonra yol yalnız Ermənistan ərazisindən keçəcək və bu bölmədə Ermənistan sərhədinin mühafizəsini sərhəd qoşunları öz üzərinə götürəcək.

Paşinyan iddia edib ki, ermənilərin mövqelərində heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik sərhəd mühafizəsinin Ermənistan ordusundan sərhədçilərə verilməsidir. O bildirib ki, İrəvan eyni dəyişikliyi Azərbaycan tərəfinə də təklif edib.

Tural Tağıyev
AzVision.az


Teqlər:





Xəbər lenti