İrəvandan Putinə xəbərdarlıq: "Sizi həbs edəcəyik!"

    İrəvandan Putinə xəbərdarlıq:   "Sizi həbs edəcəyik!"
  28 Mart 2023    Oxunub:766
Ermənistanın müdafiə nazirinin keçmiş müavini, parlamentin “Vətəndaş razılaşması” fraksiyasının, müdafiə və təhlükəsizlik daimi komissiyasının üzvü Qaqik Melkonyan diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, deputat "Faktor"a müsahibəsində Rusiya prezidenti Vladimir Putinin və ümumilikdə Kremlin əleyhinə sərt fikirlər səsləndirib. Baş nazir Nikol Paşinyanın komandasından olan Melkonyan belə hesab edir ki, məlum Roma Əsasnaməsinin ratifikasiyasından sonra Rusiya Federasiyasının prezidenti Ermənistana səfər edərsə, Ermənistan onu həbs etməyə borcludur. İqtidarı təmsil edən deputat "Doğrudur, o gəlməyəcək, heç Ermənistan da onu tutmayacaq. Ancaq biz hansısa sənədə qol çəkmişiksə, onda üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik" deyib.

Vladimir Putin Braziliyada həbs oluna bilər
Həmçinin keçmiş nazir müavini xüsusi olaraq vurğulayıb ki, "Yaxşı olar ki, Putin elə öz ölkəsində qalsın".

Onun sözlərinə görə, Moskvada belə düşünürlər ki, ermənilər hələ də ruslardan asılıdırlar.

- Yəni biz nə etməli olduğumuzu onlardan soruşmalıyıq. Rusiya Ermənistanı müstəqil ölkə saymır. Bu yaxınlarda avropalı müşahidəçilərə görə səs-küy saldılar, bizi hədələyirlər. Deyirlər ki, onlar Avropa İttifaqısız da lazım olan hər şeyi edirlər. Amma biz anlamalıyıq ki, müstəqil dövlətik və ölkəmizin taleyini özümüz həll etməliyik, - Melkonyan Kremlə mesaj göndərib.

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu sənədin Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Ermənistan   Həbs   Deputat  





Xəbər lenti