Qlobal istiləşmə ağacların vegetasiya dövrünü uzadıb

Qlobal istiləşmə ağacların vegetasiya dövrünü uzadıb
  27 Mart 2023    Oxunub:712
Alimlərin yeni araşdırmaları göstərir ki, qlobal istiləşmə ağacların böyümə üsulunu dəyişir. ABŞ-nin Ohayo ştatının şimal-qərbində sərt ağacların tədqiqi zamanı məlum olub ki, bir əsrlik istiləşmə onların illik vegetasiya dövrünü orta hesabla bir ay uzadıb.
BBC telekanalı xəbər verir ki, Ohayo Dövlət Universitetinin alimləri son müşahidələrini yerli fermerlərin XIX əsrdə qeyd etdikləri təfərrüatlı gündəlikləri ilə müqayisə ediblər. Onlar bildirirlər ki, tədqiqat müxtəlif ağac növlərinin gələcək iqlim dəyişikliyi ilə nə dərəcədə yaxşı mübarizə aparacağını müəyyən etməyə imkan verir. 1883-1912-ci illərdə fermer Tomas Mikesell Ohayo ştatının Vauson şəhərində yerli ağacların böyüməsi, yağıntılar və temperatur haqqında ətraflı qeydlər edib. Planetimiz təxminən 200 il əvvəl başlayan sənaye inqilabından bəri 1,1 dərəcə istiləşib.

Bu proseslərin əsasən son onilliklərdə baş verdiyini nəzərə alan tədqiqatçılar Mikesellin müşahidələrinin müasir dövrlə müqayisə etmək qərarına gəliblər. Tədqiqata rəhbərlik edən professor Kellen Kalinger-Yoak 2010-2014-cü illər arasında yaz və payız aylarında yeddi müxtəlif ağac növünü izləmək üçün Vausona səyahət edib. O, yarpaqların ağaclarda Mikeselin dövründə olduğundan təxminən 15 faiz daha çox qaldığını müəyyənləşdirib. Professor deyib: "Hər şey əvvəlki kimi deyil, ağaclar çox fərqlidir. Bu dəyişikliklər nəticəsində aşkar etdik ki, onların böyümə mövsümü bir ay çox çəkir. Növlər daha isti temperaturlara müxtəlif cür reaksiya verir, onların əksəriyyəti yarpaq rəngini payıza qədər daha uzun müddət saxlayır, eyni zamanda, bəziləri erkən tumurcuqlanır”.

Alimlər qeyd edirlər ki, ağaclar planeti istiləşdirən karbon qazını atmosferdən sormaq üçün həyati əhəmiyyət kəsb edir və daha uzun bir böyümə dövrü həmin prosesi də uzadır. Lakin onlar xəbərdarlıq edirlər ki, daha yüksək, dəyişən temperatur indiyə qədər bilinməyən yollarla ağacları da məhv edə bilər. Professor Kalinger-Yoak vurğulayıb ki, daha çox ağac əkilməsinin iqlim dəyişikliyinə böyük təsiri ilə bağlı əlavə tədqiqat aparılacaq. O əlavə edib: “Biz qlobal istiləşmənin mənfi təsirlərini daha azaltmaq üçün sərmayə qoyuruq, eyni zamanda, ağac növləri və potensial olaraq daha çox ağac əkməkdən nə qədər fayda əldə edə biləcəyimizlə bağlı araşdırmalar aparırıq. Karbon qazını havadan soran bir dəstə ağac əkmək həqiqətən yaxşı strategiyadır, lakin bu fəaliyyətləri təşviq etmək üçün fayda səviyyəsinə dair sübutlara malik olmalı, hansı növləri daha çox əkməyi müəyyən etməlisiniz”.

AzVision.az



Teqlər:





Xəbər lenti