ARDNŞ-dən ixtisarlarla bağlı AÇIQLAMA

ARDNŞ-dən ixtisarlarla bağlı AÇIQLAMA
  21 May 2014    Oxunub:1377
"Biz çalışırıq ki, çoxpilləli idarəetmə sistemindən bir və ya ikipilləli idarəetmə sisteminə keçək". Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan resursları departamentinin rəisi Asif Bəkirli son günlər ARDNŞ-nin bəzi strukturlarında ixtisarların aparılması ilə bağlı kütləvi informasiya vasitələrində (KİV) yer alan məlumatlara münasibət bildirərkən deyib.
Departament rəisinin sözlərinə görə, bununla əlaqədar olaraq dəfələrlə KİV-də ARDNŞ-nin təşkilati-idarəetmə strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə mexanizminin optimallaşdırılması məqsədilə struktur dəyişikliklərinin aparılması barədə məlumatlar verilib.

O, qeyd edib ki, aparılan bütün struktur dəyişiklikləri ARDNŞ-nin müvafiq standartları əsasında həyata keçirilir. Hazırda "Azəriqaz" İstehsalat Birliyində də belə struktur islahatları aparılır: "Belə ki, Birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən rayon qaz istismar sahələrinin yenidən təşkil edilərək onların bazasında regional qaz istismar idarələrinin yaradılması, zərurət olmayan bölmələrin, ştatların ləğv edilməsi prosesi davam etdirilir. Bu islahatların həyata keçirilməsi zamanı isə müəyyən sayda işçi heyətlərinin sərbəstləşməsi qaçılmazdır. Ona görə də bu proseslər zamanı ən önəmli məsələ Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinin qorunması (Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin tələblərinə riayət edilməsi və s.), həmçinin müvafiq vəzifə üzrə tələb olunan peşəkarlıq səviyyəsinin daha üstününə malik olan işçilərin işdə saxlanılması və ədalətlilik, şəffaflıq prinsiplərinin qorunmasıdır. Eyni zamanda, sərbəstləşmiş işçilərin də ARDNŞ-nin müvafiq strukturlarında vakansiyalar olduqca peşəkarlıq səviyyəsinə uyğun olaraq qiymətləndirilib yerləşdirilməsi həyata keçirilir".

A.Bəkirli bildirib ki, bununla bağlı struktur dəyişiklikləri həyata keçirilən qurumların işçilərinin bilik, bacarıq və səriştələrinin insan faktoru olmadan qiymətləndirilməsi İnsan resursları departamenti tərəfindən elektron qaydada təşkil edilən test imtahanları yolu ilə keçirilir: "İşçilərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması məqsədilə hər zaman dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, KİV-in və digər maraqlı tərəflərin imtahanlarda müşahidəçi qismində iştirakına şərait yaradılır. Hər bir işçinin taleyi bizim üçün önəmlidir. Biz bu məsələlərdə şox diqqətliyik, obyektiv və ədalətlilik prinsiplərini təmin etməyə çalışırıq. Biz çalışırıq ki, ARDNŞ-də bütün bu proseslər şəffaf şəkildə həyata keçirilsin" (Trend).


Teqlər:





Xəbər lenti