Akif Əlizadənin müşaviri vəfat etdi

Akif Əlizadənin müşaviri vəfat etdi
  20 May 2014    Oxunub:1204
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri, Əməkdar elm xadimi, akademik Nəriman Quliyev ömrünün 88-ci ilində vəfat edib.
AMEA-nın mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, nüvə fizikası sahəsində çalışan “Şöhrət” ordenli alim 88 yaşında dünyasını dəyişib.

Alimlə vida mərasimi saat 13:00-da AMEA-nın Əsas binasında keçiriləcək.

Qeyd edək ki, Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olub. 1992-ci ildən isə Azərbaycan Respublikası müstəqil bir dövlət kimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv qəbul edilib və akademik N.Quliyev 1992-2003-cü illərdə həmin institutda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olub. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparıb.

Azərbaycan Respublikasının Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə yüksək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın inkişafına dair Dövlət müqaviləsi bilavasitə akademik N.Quliyev tərəfindən hazırlanmış və o, uzun illər ərzində bu sahədəki fəaliyyətə elmi rəhbərlik edib. Onun təşəbbüsü ilə 1993-cü ildə AMEA Fizika İnstitutu “ATLAS” layihəsinin icraçıları sırasına daxil edilmişdir. Bu illər ərzində akademik N.Quliyevin rəhbərliyi ilə institutun əməkdaşları tərəfindən bu layihə çərçivəsində 200-dən çox elmi məqalə dərc edilib.

25 ildən artıq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən alim həmmüəllifi olduğu “Neytrino” kitabı elementar zərrəciklər fizikası sahəsində Azərbaycan dilində yazılan ilk və əhəmiyyətli elmi-kütləvi vəsaitdir.

Alim iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri, Türkiyə Fizika Cəmiyyətinin medalı ilə təltif olunub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti