İtin başını kəsənlərə...

İtin başını kəsənlərə...
  20 May 2014    Oxunub:1055
Qönçə Kamalqızı

Belə bir deyim var. Qurd balası anasından zülm görüb zalım olur. İt başı kəsən atanın oğlu isə yəqin ki, dünyanın ən axmaq, vicdansız insanı olar.
Bir neçə gün əvvəl gündəmdə olan, hesabıma görə təxminən 4 adamın iştirakı ilə həyata keçirilən it qətliamının görüntülərinə axır ki, özümü toplayıb baxdım. Ürəyim bulandı, sözün əsl mənasında. Bu ifadəni işlətdiyimə görə min dəfə üzr istəyirəm, amma vəhşiliyin fövqündə dayanan mənzərənin doğurduğu hissləri təsvir etməyə başqa söz tapmadım.

Bu görüntülər barədə çox fikirlər deyildi, yazıldı. Heyvan sevən də, sevməyib, amma bu işə pis baxan da bir şəkildə məsələyə öz etirazını bildirdi.

Sözümün canı başqadır. Hər şey bir kənara dursun. Bu işi görənlərə verilən cəza da, kəsilən cərimələr də. Məni əsas incidən azyaşlı uşağın orda baş verənlərə şahid olmasıdır. Çünki bu mənəviyyat məsələsidir, onu isə nə pul, nə də qanun tənzimləyə bilmir. Burda genetik yaddaş əsas rol oynayır.

Yəqin ki, razılaşarsınız mənimlə. Yaddaşında kəsilmiş it başı və əlləri qana bulaşmış İGİD ata obrazı qalan həmin o uşaqdan parlaq gələcəkli vətəndaş olmağı gözləyə bilmərik. Uşağının gözü qarşısında itin var yoxunu söyən, əlinə bıçaq alıb, az qala həyatının bütün acığını çıxırmış kimi fağır heyvana zülm edən bir atadan övladı nə tərbiyə alacaq? Bu vətən uğrunda çanından keçən, qan tökən qəhrəmanlarımızdan, şəhidlərimizdən, sözün əsl mənasında çəsurluq göstərən Azərbaycan oğullarından zibillikdə it başı kəsənin zərrə qədər xəbəri yoxdur...

Bəlkə, qınayacaqsız məni. Dünyanın hər tərəfində qan su yerinə axır, insanlar vəhşicəsinə öldürülür... Bunlarla müqayisədə bir itin başının kəsilməyi nə böyük hadisədir deyəcəksiniz.
Amma həyəcan təbili çalınacaq məsələlərdir bunlar, vallah...

Əvvəla, bir Azərbaycan övladının qəddar, vəhşi, qanıçən böyüməsinin qarşısını almalıyıq. Çünki bizə elmi, savadı ilə, gücünü əsl düşmən üzərində qələbədə sınayan layiqli övladlar lazımdır.
İkinci də ki, sosial şəbəkələrdə Azərbaycanın belə görüntülərlə tanınması bir xalqın, millətin adına ləkə gətirir, axı...

Bütün olanları sanki böyük iş görübmüş kimi, telefona çəkib, sosial şəbəkələrdə yayanların öz çürük mənəviyyatı ilə böyük bir xalqın insanlarını başqa millətlərin gözündə vəhşiləşdirməyə nə ixtiyarları var? Həyasızcasına, utanmadan gördüyü iyrənc işlərə insanları şahid etməyə onlara kim haqq verir?

Təsəvvür edin, Azərbaycan haqqında məlumatı olmayanlar internetdə axtarış edəndə, elə əlinə keçən bu ilk görüntüdən bizim barədə nə düşünəcək? Bu görüntüləri ağılsızcasına, dərk etmədən yayanlar da ən azı o it başı kəsən qədər günahkardır. O da öz millətinin mənəviyyatına, milli-mənəvi dəyərlərinə, ailə mədəniyyətinə, dilinə, dövlətinə qənim kəsilir. Vicdanı olmayan belə insanlar cəmiyyətin bəlasıdır. Bəladan azad olmalıyıq.

Yoxsa, “ata, itin başını kəsib, nə edəcəksən”deyə sual verən bu günün uşağı, sabah başqa bir videogörüntüsü yayılan ya lüt soyunurulub döyülən, ya arvadı xəyanət edilən, ya da ən uzağı əlində telfon, rəzil işləri çəkən biri kimi böyüyəcək. Artıq mənəviyyatı çirkin, ləyaqətsiz, əxlaqı olmayan bir gənc yetişəcək. Əxlaq isə cəmiyyətin təməlidir və o, olmayan yerdə qanun heç bir şey edə bilməz. Bizə isə əxlaqlı övladlar lazımdır.

Çox güman ki, yazdıqlarımı bu mərəkəni yaradanlar heç oxumayacaqlar, maraqlı olmayacaq, nələrəinə lazımdır? Amma işdir birdən oxusalar, atalar sözünü yadlarına salsınlar. Əvvəl-axır, iti öldürənə sürütdürərlər, ey adəm övladları....Ya bu dünya da, ya da o dünyada. Unutmayın!


Teqlər:





Xəbər lenti