`Azəriqaz`ın rəhbəri: `Qadın işçilər sərf etmir`

`Azəriqaz`ın rəhbəri: `Qadın işçilər sərf etmir`
  20 May 2014    Oxunub:2224
“Bizə dedi ki, qadın işçilər sərf etmir. Bizə kişi lazımdır. Kompensasiyanızı götürün gedin”. Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevin müavini etiraz edən qadın işçiləri qəbul edərkən deyib. Onun sözlərinə görə, işdən çıxarılan 10 qadın işə düzələ bilməz.
İxtisara düşərək işdən çıxarılan Sevinc Cəfərova “Axar.az”a bildirdi ki, onları qəbul edən Əkbər Hacıyevin müavini onların işdən çıxma səbəbini izah edib: “Adını bizə demədi. Sadəcə, bildik ki, Əkbər Hacıyevin müavinidir. Bizə bildirdi ki, işlədiyimiz xətt bağlanıb. Ona görə də bizim işdən çıxarılmağımıza qərar verilib. Başqa heç bir səbəb göstərilmir. Bizi başqa işlə də təmin etmirlər. 32 ildir ki, iş təcrübəm var”.

Sevinc Cəfərova deyir ki, İstehsalat Birliyinin rəhbər müavini etirazçıları qəbul edərkən onlara qadın yox, kişi lazım olduğunu bildirib: “Bizə dedi ki, Birliyə qadın işçilər sərf etmir. Bizə kişi lazımdır. Kompensasiyanızı götürün gedin. İndi də bilmirik kimə müraciət edək”.

Məsələyə münasibət bildirən “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev ixtisarlarla bağlı 2 ay əvvəl məlumat verdiklərini bildirib. Onun sözlərinə görə, adıçəkilən islahatlar strukturun təkmilləşdirilməsi məqsədi daşıyır və bununla bağlı aparılan ixtisarlar təkcə qadınlara aid edilməyib: “Burada ayrı-seçkilikdən söhbət gedə bilməz. İxtisara düşən kişilərin sayı daha çoxdur. Ancaq onların işlədiyi xətt baxıcısı ştatı ləğv olunub. Ona görə onlar da narazılıq edirlər. Biz də izah etdik ki, islahat bunu tələb edir”.

A.Ağayev əlavə edib ki, islahatla əlaqədar olaraq rayon qaz istismar sahələrinin nəzdindəki qəza dispetçer xidmətləri ləğv olunub, əvəzində Bakı şəhəri və Abşeron rayonu üzrə yeni bir xidmət - Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi yaradılıb: “Burada məqsəd mənzildaxili texniki baxışların keyfiyyətinin yaxşılaşdırılması, qaz sızmalarının aradan qaldırılması, binadaxili qaz kəmərlərinə baxış keçirilməsi və prosesin bir mərkəzdən operativ idarə olunmasıdır. Qurum mobil avtolaboratoriya ilə təchiz olunacaqdır ki, bu da şəhər mühitində və eyni zamanda yaşayış məskənlərindən kənarda qaz kəmərlərində baş verən sızmaların dəqiq koordinatlarının təyin edilməsi üçün son diaqnostik avadanlıqlara malik bir sistemdir. Mobil laboratoriya yeraltı və yerüstü qaz kəmərlərində baş verən sızmaların aşkar edilməsi üçün məsafədən idarə olunan lazerli detektor, müxtəlif qaz növlərinin ölçülməsi üçün əldə gəzdirilə bilən fərdi qaz analizatorları, sinxronlaşdırılmış videomüşahidə sistemi və s. ən müasir avadanlıqlarla təchiz olunub”.



Teqlər:  





Xəbər lenti