"Aerostat qalmaqalı" nın arxasında nə dayanır?

   "Aerostat qalmaqalı"   nın arxasında nə dayanır?
  06 Fevral 2023    Oxunub:755
Çin Qərb ölkələrində, o cümlədən ABŞ-da kəşfiyyat işlərini genişləndirmək siyasətindən imtina etməyib.
Pekin uzun illər Qərbdə texnologiyaların oğurluğu ilə məşğul olub. Ölkə ABŞ-da yaşayan çinliləri tərəfdaşlığa sövq edərək Amerikadakı müəssisələrdən texnologiyalar oğurlayıb. ABŞ-da bu oğurluqlarla bağlı yüzlərlə həbs həyata keçirilib.

Bu həbslərə baxmayaraq, Pekin ABŞ-da texnologiya oğurluğu və kəşfiyyat məlumatları əldə etmək siyasətini davam etdirir. Bu günlərdə havaya buraxılmış şar – aerostat buna nümunədir. Çinə aid şar ABŞ-ın hava məkanına daxil olaraq kəşfiyyat məlumatları toplamalı idi. Yayılan xəbərlərə görə, aerostatda kəşfiyyat cihazları olub.

Çin hava şarı ilə bağlı ABŞ-a çağırış edib
Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Pekin aerostatın Çinə məxsis olduğunu inkar etməyib. Ancaq Çin belə bir açıqlama verib ki, guya həmin aerostat kəşfiyyat deyil, “mülki məqsədlər” üçün nəzərdə tutulub və təsadüfən Amerika səmasına keçib.

- Buna kimsə inanmadı. Çünki Pekinin “mülki məqsədli” adlandırdığı aerostat fevralın əvvəlində ABŞ-ın hərbi hava qüvvələrinin bazası və nüvə raket silolarının yerləşdiyi Montana ştatı üzərində aşkarlanıb. Vaşinqton aerostanın Amerikanın strateji obyektlərinə nəzarətlə məşğul olduğunu vurğulayıb.

ABŞ qırıcı təyyarəsi həmin aerostatı fevralın 4-də Atlantik okeanı üzərində, sahildən bir neçə on kilometr aralıda vurdu. Pekin Vaşinqtonu məsələyə “qeyri-adekvat reaksiyada” ittiham edib. Bundan sonra Çin “cavab vermək hüququnu özündə saxladığını” açıqlayıb. Bu nə cavab ola bilər?
Aydındır ki, ABŞ eyni məqsədlərlə Çin səmasına aerostat göndərməyəcək. Ancaq mümkündür ki, Çində ABŞ-la əlaqəli olan kimlərisə həbs edib onların “kəşfiyyatçı” kimi qələmə versinlər. Son hadisə iki ölkə soyuq olan münasibətləri bir az daha gərginləşdirib. Nəticədə ABŞ dövlət katibi Entoni Blinken Çinə fevral ayının əvvəlində planlaşdırdığı səfəri təxirə salıb. Halbuki, Blinkenin səfəri uzun müddət idi hazırlanırdı. Bu səfərin ardınca ABŞ prezidenti Co Baydenin Çin lideri Si Tsinpinlə görüşü də planlaşdırılırdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   ABŞ   Aerostat  





Xəbər lenti