Ermənistan parlamentində dəhlizlə bağlı "romantik" müzakirələr aparılıb

   Ermənistan parlamentində dəhlizlə bağlı    "romantik"    müzakirələr aparılıb
  03 Fevral 2023    Oxunub:1077
Bu gün Ermənistan parlamentində Laçın dəhlizi problemi ilə bağlı dinləmələr keçirilib. AzVision.az xəbər verir ki, iclas qarşıdurmalar və qarşılıqlı ittihamlara səbəb olub.
Müxalifətin “Hayastan” fraksiyasının təşəbbüsü ilə keçirilən müzakirələrdə daha çox hakimiyyətin əleyhdarları sərt ittihamlar səsləndiriblər. Müxalif deputatlar çıxışlarında ölkə rəhbərliyini dövlət maraqlarına xəyanətdə, zəiflikdə və dəhlizin açılmasına nail ola bilməməkdə ittiham ediblər.
Hakim “Vətəndaş müqavilə”si partiyasından olan deputat Qurgen Arsenyan söz alaraq rəqiblərinə cavab verib ki, müxalifətdən fərqli olaraq, hakimiyyət öz sözünün və əməlinin məsuliyyətini dərk edir.

"Siz bura toplaşaraq hakimiyyəti hədələyirsiniz, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı hansısa "romantik" müzakirələr aparırsınız. Bəlkə unutmusunuz ki, sizin vaxtınızda bu münasibətlər nələrə gətirib çıxarmışdı?!" – Nikol Paşinyanın deputatı üzünü müxalifətə tutaraq sual edib.

O xüsusi olaraq vurğulayıb ki, müxalifət 120 min nəfərin (Qarabağda yaşan ermənilərin şişirdilmiş sayını nəzərdə tutur-red.) taleyindən danışmağı xoşlayır, lakin 3 milyon erməninin taleyini unudub. Hakimiyyət isə ölkənin, vətəndaşların taleyinə cavabdehdir.

Bu zaman zaldan deputatın əleyhinə ittihamlar səsləndirilib və deyiblər ki, “o hətta öz oğlunu belə cilovlaya bilmir, onun məsuliyyətini daşıyanmır”. Mübahisələr, ittihamlar bir neçə dəqiqə davam edib. İclasa sədrlik edən “Hayastan” fraksiyasının rəhbəri, hərbi cani Seyran Ohanyan bir neçə dəfə tərəfləri sakitləşdirməyə çalışıb.

Arsenyan bəyan edib ki, Ermənistan vətəndaşları artıq öz haqlı seçimlərini ediblər və müxalifətin buna görə insanları qınamağa haqqı yoxdur. Həmçinin, onun fikrincə, opponentlər artıq Qarabağ məsələsindən hakimiyyətə gəlmək üçün istifadə edə bilməyəcəklər.

"Qarabağ məsələsindəki spekulyasiyalar sizə Ermənistanda hakimiyyətə gəlməyə imkanı verməyəcək. Bunu unudun!", - o fikirlərinə əlavə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti