Leyla Əliyeva film təqdimatında - FOTOLAR

Leyla Əliyeva film təqdimatında - FOTOLAR
  15 May 2014    Oxunub:1836
Mayın 14-də "Nizami" Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 8 möcüzəsi" adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və "Şirvan Milli Parkı"ndan bəhs edən filmin təqdimatı olub.
Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.

Mərasimdən əvvəl IDEA tərəfindən Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Bakı nümayəndəliyinə 20 müşahidə kamerası təqdim olunub.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, müşahidə kameraları IDEA-nın Azərbaycanda bəbirlərin qorunması layihəsi çərçivəsində təqdim edilib. Bu kameralar bəbirlərin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək məqsədilə istifadə olunacaqdır.

Mərasimin keçirildiyi "Nizami" Kino Mərkəzində Beynəlxalq Qız Qalası Festivalı çərçivəsində hazırlanan ceyran maketləri və "Şirvan Milli Parkı" filminin rejissoru İqor Bışnyovun çəkiliş zamanı lentə aldığı fotolar sərgilənib.
Leyla Əliyeva sərgidəki maketlərlə və fotolarla tanış olub.

Sonra "Şirvan Milli Parkı" filmi və "Ağgöl Milli Parkı" videoçarxı nümayiş olunub.

Filmin rejissoru və ssenari müəllifi diqqətə çatdırdı ki, "Şirvan Milli Parkı" layihə çərçivəsində 1-ci filmdir. Layihənin təşəbbüskarı İDEA İctimai Birliyidir. İqor Bışnyov İDEA-nın rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirərək, Azərbaycana və ölkəmizin təbiətinə çoxdandır ki, vurulduğunu, film üzərində işin 14 ay davam etdiyini, bu müddətdə 6 kino ekspedisiyanın təşkil olunduğunu qeyd edib. O, vurğulayıb ki, mühafizə olunan ərazilərin sistemi üzrə Azərbaycan postsovet məkanında liderdir.

Bildirilib ki, layihə çərçivəsində Ağgöl, "Zəngəzur", Altıağac, Hirkan, Abşeron, Şahdağ və Göygöl Milli parkları barədə filmlərin çəkilişi də nəzərdə tutulub.

Qalereya




Teqlər:  





Xəbər lenti