"Sülhməramlılar heç nə etmədilər, hətta müqavimətlə üzləşdik" - Əli Əliyev
Ə.Əliyev bildirib ki, “Qızılbulaq” qızıl yatağında 2002-ci ildən, “Dəmirli” mis-molibden yatağında isə 2013-cü ildən istismar işlərinə başlanılıb: “Faktiki olaraq “Qızılbulaq” yatağı ermənilər tərəfindən 18 ilə yaxın istismar olunub. Baxmayaraq ki onlar beş ildir həmin yataqda istismar aparılmadığını deyirlər. Fərq etməz əsas odur ki, qanunsuz fəaliyyət var. Kimsə deyə bilməz ki, həqiqətən də beş ildir yataqda heç bir iş aparılmır, lakin müharibəyə qədər ermənilər həmin yataqları işlədiblər. “Dəmirli” yatağında istismarın davam etdiyi isə dəqiqdir. Təqdim edilən yol xəritəsinə uyğun olaraq dekabrın 10-da Rusiya sülhməramlılarının iştirakı ilə “Qızılbulaq”, daha sonra isə “Dəmirli” yatağına baxış keçirilməli idi. Hər iki yataqda ermənilər əvvəlcədən hazırladıqları təşkilati oyunla əraziyə girişimizə mane oldular. Sülhməramlılar da heç nə etmədilər. Çox ciddi müzakirələr oldu və hətta müqavimətlə də üzləşdik.
2021-ci ildə “Dəmirli” yatağının yerləşdiyi ərazidən keçərkən vizual müşahidə xarakterli baxış olmuşdu. Bu il dekabrın 10-da həmin ərazidən keçərkən hərəkət boyu apardığım müşahidələrdən belə qənaətə gəldim ki, yataqda çox ciddi fəaliyyət gedir. Ötən ilə nisbətən istismar ərazisi iki dəfəyə qədər böyüyüb”.
Agentliyin sədrinin sözlərinə görə, həm monitorinqlərin keçirilməsinə imkan verilməməsi, həm də qanunsuz fəaliyyətin davam etdirilməsinə etiraz əlaməti olaraq ekoloqlar, geoloqlar, meşəçilərin başlatdığı aksiya geniş vüsət alıb: “Bir neçə gündür ki, Şuşa-Laçın yolunda aksiyalar səngimir. Gözləmədiyimiz halda qeyri-hökumət təşkilatlarının nümayəndələri, aktivistlər, fərqli peşə sahibləri aksiyaya qoşularaq müxtəlif şüarlar səsləndirir və haqlı tələblər irəli sürürlər. Görünən odur ki, həmin məsələ ölkə miqyasında çox ciddi şəkildə etirazlara yol açıb. Etirazlar da çox sivil şəkildə aparılır. Erməni icmasının nümayəndələrinin bizə qarşı zor tətbiq etməsinə baxmayaraq, bizim aksiya iştirakçıları sivil yolla öz etirazlarını bildirirlər”.
AzVision.az
Teqlər: Sülhməramlı Yataq







Vaxtında, Aydın, Lazımlı!


