Tehranın hibrid mübarizə üsulu - 1200 tələbə niyə zəhərləndi?

 Tehranın hibrid mübarizə üsulu -    1200 tələbə niyə zəhərləndi?
  08 Dekabr 2022    Oxunub:1373
İran rəhbərliyi etiraz aksiyaları keçirən tələbələrə qarşı sərt addımlar atır. AzVision.az xəbər verir ki, xarici KİV rəsmi Tehranın artıq gəncləri qorxutmaq üçün onları kütləvi şəkildə zəhərləmək yolunu seçdiyini yazır.
Məsələn, məşhur "Yerusəlim Post"da dərc olunan məqalədə qeyd edilir ki, zəhərlənmə faktları ilə bağlı İranın Tələbə Həmkarlar İttifaqı "Telegram"da ciddi məlumatlar yayır. Yüzlərlə gəncin müəmmalı şəkildə zəhərlənməsi xəbəri isə geniş rezonans doğurub. Çünki təxribat kütləvi etiraz aksiyası keçirməyi planlaşdıran iranlı tələbələrin üç günlük ümummilli tətili ərəfəsində baş verib. Etirazçılar hələlik adi qida zəhərlənməsi adı qoyulan mədə problemləri ilə üzləşiblər. Əslində isə səhhətində problem yaranan etirazçı gənclər planlaşdırdıqları tətilin qurbanına çevriliblər.

İran rəsmiləri Tehranın artıq dörd böyük universitetinin tələbələrində aşkarlanan "qida zəhərlənməsi", epidemiyanın səbəbini su ilə yayılmış bakteriyalarla əlaqələndiriblər. İran Tələbə Həmkarları İttifaqı rəsmi açıqlamalara və göstərilən gülünc səbəbə inanmır.

İranda əxlaq polisi: Qadınların paltarını cırır, ləyaqətini alçaldır
Tələbə birliyinin bəyanatında qeyd edilir ki, "Bizim artıq İsfahan Universitetində oxşar hadisələrlə bağlı köhnə təcrübəmiz var". İndiki halda həmin insident səlahiyyətlilərin kütləvi qida zəhərlənməsinin səbəbləri ilə bağlı açıqlamalarının üstündən xətt çəkir.

"Nüvə İranına Qarşı Birlik" qeyri hökumət təşkilatı da bu qalmaqallı insidentlə bağlı maraqlı faktlar açıqlayıb. Qeyd edilir ki, rejim əleyhinə nümayişlərə 1200 tələbə qatılacaqmış. Onlar bir gecədə qusma, şiddətli bədən ağrıları, hallusinasiya simptomları ilə üzləşiblər. Əsasən Xarəzmi və Ark universitetinin tələbələri zəhərləniblər.

Maraqlıdır ki, İran rəhbərliyi kütləvi etiraz aksiyalarının qarşısını ala bilməyəcəyini görüb təkcə gəncləri həbs etməyə, öldürməyə, zəhərləyərək qorxutmağa deyil, digər hibrid mübarizə üsullarına da əl atıb.

Məsələn, “AP News” məlumat yayıb ki, çərşənbə günü İranda ümummilli etirazlarların aktiv hal alması fonunda smartfon telefonlara saxta zəlzələ xəbərdarlıqları gəlib.

Səlahiyyətlilər isə bu müəmmalı hadisənin hansı səbəbdən baş verməsini inandırıcı şəkildə izah edə bilməyiblər. Onlar insanları çaşdıran zəlzələ bildirişinə dair ziddiyyətli versiyalar təqdim ediblər. İranın kiber polis rəisinin müavini, polkovnik Ramin Paşai dövlət televiziyasına açıqlamasında məlum olayla bağlı diqqət çəkən fikirlər səsləndirib. Onun sözlərinə görə yalnız Android telefonları işlədənlər yalan xəbərdarlıq alıblar.

O, kütləvi bildirişlərə görə provayder "Iran Mobile Communications Co"nu günahlandırıb. Guya şirkət hansısa sınaqlar keçirirmiş...

Maraqlıdır ki, İranın dövlət xəbər agentliyi olan İRNA bu hadisəni xaker müdaxilələri kimi qiymətləndirib. “Bu mesaj saxtadır. Evlərinizi tərk etməyin”, - nəşr yazıb. Hadisənin baş vermə səbəbi kimi göstərilən bu iki ziddiyyətli versiya ilə heç kim razılaşmayıb. Çünki bu iddialar inandırıcı deyil.

Android proqramlarının təminatçısı olan "Google" isə insidentlə bağlı məlumat yayıb ki, "Android zəlzələ xəbərdarlıq sistemi həmin müddət ərzində bölgədə heç bir xəbərdarlıq bildirişi verməyib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Etiraz   Tələbə   Zəhərlənmə   Zəlzələ  





Xəbər lenti