Əli Əhmədov: "UNESCO-dan ədalət tələb etmək Azərbaycanın haqqıdır"

      Əli Əhmədov:    "UNESCO-dan ədalət tələb etmək Azərbaycanın haqqıdır"
  08 Dekabr 2022    Oxunub:830
"Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı şəhərləri dağıdıb, bununla da mədəni irsə ziyan vurub".
AzVision.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

A.Əhmədov bildirib ki, UNESCO-nun konvensiyasına qoşulmuş ölkələr mədəni irsə dəyən zərəri dərk edərək bu problemə daha çox diqqət yetirməlidirlər: "Azərbaycana qarşı vurulan zərbələr, mədəni sərvətlərimizin məhvi ilə bağlı müraciətlərimiz ayrı-ayrı qurumlar, UNESCO tərəfindən sükutla qarşılanırdı. Azərbaycanın haqlı həyəcan səsi eşidilmədi. Torpaqlarımız azad olunduqdan sonra da UNESCO tərəfindən biganəlik hökm sürməkdədir.

UNESCO-nun bu məsələ ilə bağlı mövqeyi ürəkaçan deyil. Ermənistan silah birləşmələri mülki obyektləri, mədəni sərvət hesab olunan obyektləri hücum üçün hədəf seçib, nəticədə zəngin sərvətimiz məhv edilib. Hazırda UNESCO-nun tutduğu mövqe təəccüblüdür. Təşkilat öz öhdəliklərini yerinə yetirmirsə, o zaman alternativ axtarmaq lazımdır. UNESCO-dan ədalət tələb etmək Azərbaycanın haqqıdır”.

Baş nazirin müavini bildirib ki, “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası qəbul edilib. Müstəqilliklərini bərpa etmiş Azərbaycan və Ermənistan 1993-cü ildə bu Konvensiyaya qoşulub, onun öhdəliklərini öz üzərilərinə götürüb: "Amma təəssüf ki, Ermənistan işğal dövründə Azərbaycanın mədəni sərvətlərini talayıb. 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra azad edilən şəhər və rayonlarda erməni vandalizminin izlərinin bir daha şahidi olduq".




AzVision.az



Teqlər:





Xəbər lenti