70 yaşlı Bakı meri - “Əsl ad günüm mayın 10-udur”

70 yaşlı Bakı meri -  “Əsl ad günüm mayın 10-udur”
  13 May 2014    Oxunub:1518
Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun doğum günüdür.

AzVision.az xəbər verir ki, 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olan merin 70 yaşı tamam olur.

H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb.
H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

2001-ci ilin yanvar ayından prezident Heydər Əliyevin fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu gün isə prezident İlham Əliyevin sərəncamı ilə Hacıbala Abutalıbov "Şərəf" ordeni ilə təlfit edilib.

Ailəlidir, iki oğlu var.

Qeyd edək ki, Bakı meri mətbuata açıqlamasında doğum gününün onun üçün adi günlərdən biri olduğunu deyib.

Abutalıbov ötən il ad günü ərəfəsində verdiyi müsahibəsində yadda qalan çıxış etmişdi. O, özü üçün əsl ad gününün mayın 10-u - Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin doğulduğu gün olduğunu diqqətə çatdırmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti