Leyla Abdullayeva Parisdə erməniləri faktlarla susdurdu

   Leyla Abdullayeva Parisdə erməniləri faktlarla susdurdu
  06 Dekabr 2022    Oxunub:1141
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatınının (OECD) Parisdəki mənzil qərargahında Avrasiya departamenti tərəfindən təşkil olunan “Avrasiyanın dostları” tədbirində iştirak edib.
OECD-nin Baş katibinin müavini Kerri-Ann Jon, eləcə də təşkilatın aidiyyəti bölmələrinin nümayəndələri tədbirdə çıxış edərək, COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsinin bütün dünya ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərməsi, gələcək illər üçün iqtisadi inkişafa gözlənilən mənfi təsirlər barədə məlumat veriblər.

OECD-nin Avropa Rəqabətlilik Proqramı ölkələrinin təşkilat yanında akkreditə olunmuş səfirliklərinin nümayəndələri bu böhranın ölkələrin iqtisadiyyatına təsiri barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, müharibənin ilk günlərindən etibarən ölkəmiz tərəfindən Ukraynaya göstərilən yardımlardan söz açıb. Deyib ki, Azərbaycan Ukraynaya humanitar yardım göndərən ilk ölkələr sırasında olub. Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkətinin humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərini pulsuz yanacaqla təmin etdiyini bildirib.

Diplomat Azərbaycanın uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə kimi dövlətlərin ərazi bütövlüyünə dəstək prinsipini hər zaman rəhbər tutduğunu vurğulayıb.

Leyla Abdullayeva hazırkı geosiyasi və geoiqtisadi çətinliklərə baxmayaraq, 2022-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib. Bu ilin son 6 ayı ərzində iqtisadi artımın qeydə alındığını, qeyri-neft sektorunda 7,8 faiz, nəqliyyat sektorunda 27,2 faiz artımın müşahidə olunduğunu diqqətə çatdırıb.

Həmçinin L.Abdullayeva iclasda Ermənistan tərəfindən səsləndirilmiş tamamilə yanlış və ittiham dolu çıxışa da münasibət bildirərək, bölkgədəki reallıqlarla bağlı iclas iştirakçılarını məlumatlandırıb. Səfir ölkəmizin ərazilərinin 30 ilə yaxın müddətdə erməni işğalı altında olduğunu, ölkəmizin 2020-ci ilin payızında öz ərazi bütövlüyünü bərpa etdiyini, üçtərəfli Bəyanatın imzalanması ilə münaqişəyə son qoyulduğunu bildirib. Qeyd edib ki, Ermənistanın bu Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir, erməni nümayəndənin bu iclasda səsləndirdiyi iddialar tamamilə yanlışdır. “Ermənistanın heç bir ərazisi işğal altında deyil. Ancaq Azərbaycanın 8 kəndi hələ də erməni işğalı altındadır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və ümid edir ki, yaxın zamanda rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, normallaşma istiqamətində müvafiq addımlar atacaq”, - deyə diplomat vurğulayıb.

L. Abdullayeva işğaldan azad edilmiş ərazilərdə hazırda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə də məlumat verib.

Qeyd edək ki, tədbirin əsas məqsədi OECD-yə üzv ölkələrin, eləcə də təşkilatın Avrasiya Rəqabətlilik Proqramında iştirak edən tərəfdaş ölkələrin səfirlərini və yüksək səviyyəli nümayəndələrini bir araya gətirərək, regionda və qlobal miqyasda Rusiya-Ukrayna müharibəsinin və COVID-19 pandemiyasının iqtisadi sarsıntılarını idarə etmək siyasətini qiymətləndirmək və müzakirə etmək olub.

AzVision.az



Teqlər:





Xəbər lenti