"Qida borusu xərçəngindən ölüm 5-ci yerdədir" - Səhiyyə Nazirliyi

   "Qida borusu xərçəngindən ölüm 5-ci yerdədir" -    Səhiyyə Nazirliyi
  06 Dekabr 2022    Oxunub:311
Qida borusu xəstəlikləri rastgəlmə sıxlığına görə daha çox rast gəlinsə də bu xəstəliklər barədə fikirlər çox mürəkkəbdir.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev bildirib. Onun sözlərinə görə, ən çox rast gəlinən xəstəlikləri qida borusu yad cisimləri, deşilmələri, reflüks xəstəliyi, axalaziya xəstəliyi, iltihabi xəstəlikləri, divertikulları, kimyəvi yanıqlar və yanıq sonrası daralmalar, anadangəlmə inkişaf qüsurları (atreziyalar) xərçəngləridir ki, bunlardan da xərçəng xəstəliyi həyat üçün daha təhlükəli və mürəkkəbliyi ilə seçilir.

Ekspert qeyd edib ki, qida borusu xərçəngləri dünya statistikasında rastgəlmə tezliyinə görə bütün xərçənglər arasında 8-ci yeri tutur:

“Xərçəngdən ölüm səbəbinə görə isə 5-ci yerdə durduğunu nəzərə alsaq, proqnozun yaxşı olmadığını söyləyə bilərik.

Adətən əlamətləri özünü qida qəbulun çətinləşməsi şəklində biruzə verir və bu artıq xəstəliyin irəlilədiyinin işarəsidir. Xəstələrin müayinələrə olan qorxusu və həkimlərə gec müraciət etməsi isə xəstəliyin erkən aşkarlanmasını əngəlləyən əsas faktorlardan hesab olunur. Diaqnozun qoyulması əslində çox çətinlik törətmədiyindən diaqnozun qoyuluşunda gecikmələr nadir rastlana bilir. Adətən diaqnostikası sadə endoskopik müayinə (qastroskopiya) ilə mümkündür. Lakin qida borusu xərçənginin müalicəsi nisbətən mürəkkəbdir və mütəxəssislərdən müasir bilik və peşəkarlıq tələb edir.

Risk faktorları arasında qeyd etdiyimiz xəstəliklərdən olan reflüks xəstəliyi, spirtli içkilərin requlyar intensiv istifadəsi, tütün məmulatlarının-əsasən siqaret istifadəsi, qıcıqlandırıcı və kəskin qidaların istifadəsi, qaynar qidaların daimi-intensiv qəbulu, kimyəvi tərkibli suların daimi istifadəsi, müalicə edilməyən digər qida borusu xəstəlikləri əsas faktorlardan hesab edilir”.

Həkim deyib ki, uşaqlarda qida borusu xəstəlikləri adətən anadangəlmə qüsurlarla əlaqəli olur:

“Lakin yad cisimləri və təsadüfi kimyəvi yanıq törədəcək məhlulların istifadəsində yaranmış problemlərə də çox sıx rast gəlinir. Bunlar cərrahi müdaxilə və əməliyyatlarla aradan qaldırılır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizim də vətənimizdə uşaq və yeni doğulmuşlar üzərində müasir endoskopik cərrahi əməliyyatlar tətbiq edilir”.

A. Ağayev deyib ki, torakal cərrahiyyənin aktual problemlərindən olan ağciyər xəstəlikləri arasında ağciyər kistaları xüsusi ilə uşaq və yeniyetmələr arasında daha çox yayılıb:

“Bunlar anadangəlmə və sonradan yaranmış olmaqla iki qrupa bölünür. Anadangəlmələr inkişaf qüsürlarına bağlı olduğundan adətən erkən yeni doğulmuş dövrlərdə aşkarlanır və aradan qaldırılır. Lakin gənc və yetkin yaşlarda da rast gəlinə bilir. Qazanılma kistalar havalı və maye tərkibli olur. Havalı kistalar adətən pnevmotoraksla ağırlaşdıqda və ya təsadüfən aşkarlanır. Ölkəmizdə ağciyərlərin tək və ya çoxsaylı hidatik kistalarına daha çox rast gəlinir. Kistalar adətən xoş xassəli hesab olunur və müalicəsi də əksər hallarda cərrahi əməliyyatların icrası ilə müalicə olunur.

Qeyd edim ki, əksər əməliyyatlar mini-invaziv endoskopik üsullarla icra edilir və ölkəmizdə bu sahədə mütəxəssislər müvcuddur.

Uşaq və yeni doğulmuşlarda diafraqma yırtıqları xüsusi ilə təhlükəli hesab olunur. Bu zaman qarın boşluğu orqanları döş boşluğuna dislokasiya etdiyi üçün həyati vacib orqanlar olan ağciyər və ürək fəaliyyətinin kəskin pozulması ilə müşayiət olunur. Erkən diaqnostikası bətndaxili dövründə ilkin ultrasonoqrafiya müayinəsi ilə tezləşdirmək faydalıdır, lakin bəzən çətinliklərlə qarşılaşmaq mümkündür. Bətndaxili dövrdə aşkarlanarsa, körpə dünyaya gələndə artıq cərrahi əməliyyat hazırlıqları görülməsi və erkən əməliyyat olunması ilə sonrakı ağırlaşmaları minimuma endirmək mümkündür. Baş verə biləcək ağırlaşmaları tənəffüs çatışmazlığı və buna bağlı süni tənəffüs aparatına qoşulma riskləri ilə yanaşı boğulmuş yırtıqlar həyat üçün təhlükəli hesab edilir”.

AzVision.az

Teqlər:







Xəbər lenti