"Əlisa Nicata yardımlar davam edir, bir günə 7 min manata yaxın pul toplandı"

   "Əlisa Nicata yardımlar davam edir,    bir günə 7 min manata yaxın pul toplandı"
  02 Dekabr 2022    Oxunub:596
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun tanınmış yazıçı, filosof, tərcüməçi Əlisa Nicatla bağlı paylaşımından sonra onun kartına bir günə 6987 manat vəsait toplanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ş.Xuduoğlu Facebook səhifəsində yazıb. O qeyd edib ki, Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb olub. Gecə boyu onun kartına pul köçürülüb.

Oğlu Üzeyir yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata salanda artıq 6987 manat toplandığı məlum olub.

"Bu, yalnız bir gecədə toplanan məbləğdir. Mən bir anlıq qanadlandım. Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də yazmağı özümə mənəvi borc bilirəm.

"İrşad Elektronics" şirkətindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər. İstilik sistemi üçün lazım olan bütün xərcləri ödədilər. Məbləğ 2339 manat etdi.

Ardından, "Baku Electronics"dən zəng etdilər, istilik sistemini quraşdırmağı təklif etsələr də, dedim ki, artıq o işi bsşqa şirkət öz üzərinə götürüb, siz soyuducu, elektron soba və ya mebel işini həll edə bilərsiniz.

Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi etdi. "Görüş"restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm.

Bir nəfər yazmışdı ki, mən "santexnikəm", bütün işləri pulsuz görərəm. Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər.

Elçin Əlibəyli isə yazdı ki, “Rafi” Group Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, "Sobsan" Boyaları bütün rəngləmə materiallarını pulsuz verir.

Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif edib. Yardım təklifləri, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi -hüdudu yoxdur.

İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmun qalıb. Həm yardım, həm də təşəkkür edirlər. Az, ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Bir daha əmin oldum; Bu Xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!"

AzVision.az


Teqlər:





Xəbər lenti