Xristofor Kolumb cəlilabadlıdır?!

Xristofor Kolumb cəlilabadlıdır?!
  09 Aprel 2013    Oxunub:2824
Emin Piri

Ad sizə gülməli gəldi? Kimsə də durub düşünəcək ki, bu oğlan bizimlə məzələnir.
Ay tövbə, əgər elədirsə. Sizlə məzələnən sizin gününüzə düşsün. Nədən danışacağımı az qala unudacaqdım. Hə, Kolumbdan danışırdım.
Yəqin ki, uşaq vaxtı sizin də böyüklərin iştahla çəkdiyi siqaretə marağınız olub. Əcəba, o necə yaxşı bir şeydi ki, böyüklər onu gün ərzində dəfələrlə çəkir. Dadına bir baxsaydım. Belə dediyim vaxtlarda kəndimizdə əmimin siqaret qutusundan bir neçəsini götürüb nar ağacının altına qaçdım. Elə yandırmışdım ki, qulaqlarımdan kimsə dartdı:
-Ə köpəyoğlu, bunu hardan tapmısan?

Bu, nənəm idi. Əmimin siqareti olduğunu deyə bilməzdim. Baxmayaraq ki, əmim ailəli bir kişi idi, amma siqaret çəkməsini nənəmdən gizlədirdi. Onun siqareti olduğunu desəydim, sonra əmimin də danlağından canımı qurtara bilməyəcəkdim. Məktəbli uşaqlardan eşitmişdim ki, tütünü Amerikadan Kolumbun sayəsində gətiriblər. Özümdən aslı olmadan bu dəm `nənə, bunu Kolumb gətirib. Mənim günahım yoxdu.` dedim. Heç bilmədim, iki daşın arasında bunu necə ağlıma gətirib deyə bildim. Nənəm də başladı nə başladı:
-Allah Kolumbun evini yıxsın, bizim gül kimi uşaqlarımızı necə pozur. Onun bir ağsaqqalı yoxdu ki, yetimçələrinə nəzarət etsin?!

Elə o vaxtdan “xuliqan” Kolumbun əməli qoca arvadların arasında yayıldı. Hamı bir-birindən onu soruşur, tapılmayan Kolumbdan öz nəvələrini qorumağa çalışırdılar. Axırda bir dəfə nənəmə Kolumbun öldüyünü söylədim. Öz qarğışlarına görə çox peşman olmuşdu. Ürəyi yumşaq idi. Elə bilirdi Kolumbu öldürən onun qarğışlarıdı.

Sumqayıtda yaşadığımçün təhsilimi bu şəhərdə aldım. Orta siniflərdə oxuyurdum, dərsimiz Kolumbdan idi. Müəllimə hər nitqində bu avropalının məharətindən danışdıqca əsəbləşirdim. Düşünürdüm ki, o, Kolumbun vətəninə yad ellər deməklə mənim yerlimə haqsızlıq edir. Axır dözə bilməyib ağlaya-ağlaya yerimdən qalxıb qışqırdım:
- Müəllimə, siz səhv danışırsınız, Kolumb cəlilabadlıdı!

Çox kövrəlmişdim. Dərsdən sonra müəllimə mənə yaxınlaşıb “Emin, sən haqlısan, Kolumb sənin yerlindi. Amma bu barədə uşaqlara heç nə demə. İmtahanlardasa kitablardakı kimi yaz”,- dedi.

Bu fikir beynimə batmışdı. Coğrafiyadan yarışlara qatıldım. Tale elə gətirdi ki, suallar daha çox Kolumb və Amerika ilə bağlı olurdu. Beləcə, mən iki il ardıcıl respublika turunun qalibi oldum.

Yuxarı siniflərdəsə artıq həqiqəti anlamışdım. Amma kəndimizdə bir çox qoca nənələr 20 il öncəki sözümə hələ də inanırdılar. Bu yaxınlarda kəndimizə gedəndə hər cəhdimdə bunun səhv olduğunu, uşaq vaxtı bilmədən yalan uydurduğumu isbatlamağa çalışıram. Amma mənə inamırlar. Cavablarısa belə olur:
- Ay bala, sən əvvəllər necə saf uşaq idin. Bu şəhər səni necə pozubsa, öz torpağını danırsan.

Artıq əlimdən bir çarə gəlmir. Və arabir özüm də bu barədə düşünürəm: uşaq sözün düzünü deyər. Bəlkə...


Teqlər:





Xəbər lenti