Kim Çen Inın qızı və bacısı: Şimali Koreyanın növbəti lideri qadın olacaq?

      Kim Çen Inın qızı və bacısı:    Şimali Koreyanın növbəti lideri qadın olacaq?
  29 Noyabr 2022    Oxunub:576
Şimali Koreya 1948-ci ildə yaradılandan bu günə kimi Kim sülaləsinin davamçıları tərəfindən idarə olunur. Hazırkı 38 yaşlı rəhbər Kim Çen In ölkənin qurucusu Kim İr Senin nəvəsi və 2011-ci ildən Şimali Koreyanın prezidentidir. Patriarxiyanın güclü olduğu bu Şərqi Asiya ölkəsində növbəti liderin iki qadından biri olacağı güman edilir. Bunlar Kim Çen Inın bacısı Kim Yo Conq və qızı Kim Ju-aedir.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kimin qızının adı Kim Ju-aedir. Ju-ae son 10 gündə iki dəfə kamera qarşısına çıxıb. İlki noyabrın 18-də nüvə raketinin qarşısında çəkiləndir. İkincisi isə hərbçilərin qarşısında atası birlikdə qeyd olunan mərasimdəndir. Bunlar isə "növbəti liderin Ju-ae olacaqmı?" sualını ortaya çıxarır. Eyni zamanda Kim Çen Inın tənha böyük qardaşı Kim Pyong-ildən fərqli olaraq, bacısı Kim Yo-jonqun da adı tez-tez hallanır.

Beləliklə, Şimali Koreyanın gələcəkdə qadın liderə sahib olması ehtimalı nə dərəcədə güclüdür?

Kim Çen In sonuncu raket sınağının uğurla başa çatması münasibətilə keçirilən mərasimdə “Hwasong-17” qitələrarası ballistik raket layihəsində iştirak edən yüzdən çox rəsmi və elm adamını təqdim edib. ABŞ-ı vura biləcəyi təxmin edilən raket üçün Kim "dünyanın ən güclü strateji silahı" ifadələrini işlədib. O, mərasimə 10 yaşlı və ortancıl övladı olduğu güman edilən Kim Ju-ae ilə qatılıb.

"Kim qızı ilə yaxşı vaxt keçirdiyini göstərərək sabit və xoşbəxt ailəyə sahib olduğuna diqqət çəkmək istəyib", Cənubi Koreyada olan Şimali Koreya Araşdırmaları Universitetindən Yang Moo-jin noyabrın 18-də çəkilən foto üçün verdiyi qiymətləndirmədə belə deyib. Yangın fikrincə, Kim həm də özünü sadə xalqın lideri kimi təqdim etmək istəyib. "Bu, onun qızının da Kim sülaləsinin əvəzolunmaz bir üzvü olduğunu göstərir", deyən Yang bütün şəkillərin işlənib hazırlandığını düşünür.



Karnegi Beynəlxalq Sülh Fondundan Ankit Panda hadisənin çox təəccüblü olduğuna diqqət çəkib. O, bu görüntüləri belə şərh edib: “Kim Ju-ae atası ilə birlikdə raketin buraxılışı qeyd edilən mərasimdə alim və texniki işçilərlə birlikdə dayanır. Bu, Ju-ae-nin mümkün davamçı kimi yerləşdirildiyi fikrini dəstəkləyir".

Şimali Koreya nüvə silahı istehsal etdiyinə görə Qərbin sərt sanksiyalarına məruz qalır. İndiyə qədər Kim Çen In həm Cənubi Koreya, həm də ABŞ liderləri haqqında fikirlər söyləməkdən çəkinməyib. Elə bacısı Kim Yo-jonq da.

30 yaşının ortalarında olduğu düşünülən Kim Yo-jonq bir neçə gün əvvəl Cənubi Koreya liderlərini "axmaqlar" adlandırıb və Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, əgər ölkəsini qınamaq üçün BMT-yə təzyiq göstərməyə davam edərlərsə, "daha ölümcül bir təhlükəsizlik böhranə ilə üzləşəcəklər".

Kim Yo Conq əvvəlki lider Kim Çen İrin ən kiçik övladıdır. Onun əsl yaşı hələ dəqiq bilinmir. Böyük qardaşı kimi o da İsveçrədə təhsil alıb və ölkəsinə qayıtdıqdan sonra kompüter elmləri üzrə təhsil alıb. 2014-cü ildə təbliğat naziri olan Kim Yo-jonqun bu dövrdə qardaşı ilə münasibətlərinin pozulması və işdən çıxarılması barədə şayiələr var idi. Lakin Kim Yo-jong 2017-ci ildə daha yüksək mövqe ilə geri qayıtdı. Hazırda Şimali Koreya Dövlət İşləri Komissiyasının yeganə qadın üzvü olan Kim Yo-jonq qardaşının rəhbərliyinin ilk günlərindən onunla sıx əməkdaşlıq edir.



Beynəlxalq media Kim Yo-jonqu 2018-ci ildə Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında ölkəsinin nümayəndə heyətinin rəhbəri olarkən yaxından tanıyıb. Bu təmaslar zamanı Kim Yo-jonq Cənubi Koreyanın o zamankı prezidenti Mun Çje İnlə görüşlər keçirib və Munla qardaşı arasında keçiriləcək tarixi görüşə vasitəçilik edib.

Kim Çen Inın həyat yoldaşı Ri Sol-junun üç dəfə uşaq dünyaya gətirməsi barədə məlumatlar var. 2010-cu ildə bir oğlu olduğu düşünülən Ri Sol-ju 2012-ci ildə Ju-aeni, 2017-ci ildə isə üçüncü övladını dünyaya gətirib.

2009-cu ildə Kim Çen İr növbəti liderin kiçik oğlu Kim Çen In olacağına dair qərar vermişdi. Kim Yo-jonq yaşı və təcrübəsi üstünlüyünə görə növbəti lider kimi seçilsə də, Kim Çen Inın son 10 gündə iki mühüm tədbirdə qızı ilə əl-ələ iştirak etməsi, övladının ailədə sağlam mövqeyə sahib olmasının göstəricisidir.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti