“Azərbaycan gələn il də “Eurovision”a qatılacaq”

“Azərbaycan gələn il də “Eurovision”a qatılacaq”
  12 May 2014    Oxunub:1216
“Bu, bir şoudur, onların istədikləri meyar budur. Konçitanın nə mahnısı, nə özü mənə bir tamaşacı kimi zövq vermədi”.
Tanınmış bəstəkar Faiq Sücəddinov “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanın əldə etdiyi nəticə ilə bağlı fikirlərini AzVision.az-la bölüşüb.

Bəstəkar qeyd edib ki, ölkəmizin 22-ci yerdə olacağını gözləmirdi.

“Dilarə Kazımova çox istedadlı qızdır. 22- ci yer tutmaq o demək deyil ki, Dilarənin səsində, xarici görkəmində nöqsan var. Dilarə mahnını tam qüsursuz oxudu. Amma bu, müsabiqədir, ümumiyyətlə, orada ürəkaçan mahnı yox idi”.

Bəstəkarın sözlərinə görə, avstriyalı Konçita Vurstin birinci yer tutması gözlənilən idi: “Bu müsabiqədə meyarlar başqadır. Müsabiqə qabarıq şəkildə dedi ki, budur bizim bugünkü günümüz. Konçita Rusiyanın prezidentinə ismarıc göndərdi ki, siz bizim qarşımızı ala bilməzsiniz. Bu bir şoudur, onların istədikləri meyar budur. Konçitanın nə mahnısı, nə özü mənə bir tamaşacı kimi zövqlü bir şey bəxş etmədi. Dilarənin mahnısı bir az uğursuz idi, amma ümumiyyətlə, o biri mahnılardan geri qalmırdı. Biz öyrəşmişik birinci, beşinci, səkkizinci yerlərə. Bu nəticə isə musiqimizə, mədəniyyətimizə zərər gətirən bir şey deyil. 22- ci yer olsa da, əsas odur ki, finala düşdü. Bu, münsiflərin işidir ki, biz 22-ci yer tutduq. Pis o zaman olardı ki, finala düşməzdik, amma finala düşdük, deməli yaxşı idi, qəbul etdilər. Dilarə haqqında yazanlar bir az diqqətli olmalıdırlar ki, ona bir xələl gətirməsinlər. Mən onu Kiyevdə də izlədim, “Eurovision”ın məşqlərində münsiflər heyəti belə bir fikrə gəldi ki, doğurdan da Dilarə yaxşı ifaçıdır. Amma hərəkətli mahnı olsaydı, daha yaxşı olardı. Dilarəni onluqda görürdüm, Konçitanın ilk üçlüyə düşəcəyini də bilirdim. Çünki, bu gün saqqallı kişinin qadın paltarında efirə çıxmasına üstünlük verirlər”.

F. Sücəddinov Azərbaycanın “Eurovision”da davamlı olaraq iştirak edəcəyini diqqətə çatdırıb.

“Mən həmişə demişəm, indi də deyirəm, Türkiyə özü bilər, ayrı bir dövlətdir, Azərbaycan da ayrı. Məsələ ondadır ki, bu müsabiqənin böyük bir nüfuzu, təsiri var. CNN, BBC, EURONEWS bütün dünya onları izləyir. Bizim üçün çox lazımlı bir müsabiqədir. Biz hər il ora təmsilçimizi göndərəcəyik. Neçə illərdir ki, orada iştirak etmişik, yarışmada iştirakımız davamlı olacaq. Müsabiqə üçün yaxşı potensialımız var. Amma mahnı seçimində diqqətli olmalıyıq”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti