Bakıda yeni park açıldı

Bakıda yeni park açıldı
  09 May 2014    Oxunub:3030
Milli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçmiş Bakı yod zavodunun Sabunçu istehsalat sahəsinin ərazisində (Ramana qəsəbəsi) "Eco Land" adlı yeni park istifadəyə verilib.
Parkın açılışında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Parka baxış keçirdikdən sonra K.Heydərov jurnalistlərə bildirib ki, bu park 2012-ci ilin may ayına qədər keçmiş yod zavodunun ərazisi idi və burada yod istehsalı üçün müəyyən komponentlərdən istifadə olunurdu: "Yod zavodu fəaliyyətini dayandırdıqdan sonra bu ərazidə olan radioaktiv maddələr əhalinin səhhətinə pis təsir edirdi".

K.Heydərovun sözlərinə görə, Prezident İlham Əliyevin xüsusi tapşırığına və sərəncamına əsasən, FHN 2012-ci ilin mayında bu ərazinin təmizlənməsi işinə başladı: "2012-ci ilin sentyabrında burada olan bütün zərərli torpaq Pirəküşkül qəsəbəsində xüsusi hazırlanmış yerlərə daşındı. Ondan sonra bu ərazidə park salınması qərara alındı. Təmizləmə işlərində FHN Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri ilə birgə ərazidə radiasiyanın miqdarını ölçdü və ərazi radioaktiv maddələrdən ideal surətdə təmizlənərək zərərsiz əraziyə çevrildi".

6,5 hektar ərazisi olan bu parkda uşaqların əyləncəsi üçün qurğular, idman qurğuları və fəvvarə quraşdırılıb.
Nazir qeyd edib ki, Suraxanı istehsalat sahəsinin ərazisi 28 hektar idi. Ora sənaye zonası olduğu üçün park salınması nəzərdə tutulmayıb: "Yəqin ki, orada meşə zolaqları salınacaq".


Teqlər:





Xəbər lenti