Hicabın altında nələr var?! - Sədrəddin Soltanın şərhi

Hicabın altında nələr var?!  - Sədrəddin Soltanın şərhi
  22 Sentyabr 2022    Oxunub:1601
Sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmini adlı gənc qadın öldürüldü. İddia olunur ki, Əmini hicab qaydalarını pozduğuna görə polis nəzarətinə götürüldükdən sonra ölüb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, o, sentyabrın 13-də İranın qərbindəki Kürdüstan vilayətindən qohumları ilə görüşmək üçün Tehrana gedərkən əxlaq polisi tərəfindən həbs olunubmuş.
İran polisi Əmininin ölümünü “bədbəxt hadisə” adlandırıb. Xalq bu səbəbdən küçələrə axışdı, artıq bir həftəyə yaxındır ki, meydanlarda dini qadağalar əleyhinə etiraz aksiyaları keçirir. Maraqlıdır ki, Əmininin ölümünə etiraz edən kütlə dini geyim əleyhinə fikirlərdən çox, siyasi şüarlar səsləndirməyə başlayıb. Onlar hətta “diktatora ölüm” də qışqırırlar. Sual yaranır: Qərblə Tehran arasında yaranmış uzunmüddətli düşmənçilik fonunda son hadisələrin arxasında ABŞ və ya İsrail kəşfiyyatı dayana bilərmi?

Məsələni AzVision.az -a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranda yaranmış xaosun təbii şəkildə baş qaldırdığını deyib. Ounun fikrincə, bu məsələlərdə xarici kəşfiyyatın rol oynaması inandırıcı deyil:
- Gərək əldə ciddi əsaslar olsun ki, hansısa etiraz aksiyasının arxasında müəyyən bir dövlətin dayanmasını deyək. Oradakı hadisələrdə ABŞ və ya İsrailin əlinin olmasını təsdiqləyəcək faktlar yoxdur. Hazırkı etiraz aksiyalarının əsasında bir gənc xanımın rejimin tətbiq etdiyi hicab qaydalarına etirazına görə qətlə yetirilməsi durur. Cəmiyyət artıq rejimin qoyduğu bu qaydaya əməl etmək istəmir. Təbii ki, ümumi olaraq cəmiyyət adından da danışmaq düzgün olmazdı. Amma görünən odur ki, cəmiyyətdə bu məsələyə güclü bir etiraz formalaşıb. Etirazçılara isə rejim təzyiq göstərir, onları təqib edir, işgəncələr verir. Bütün bunları biz birbaşa ABŞ və ya İsraillə əlaqələndirə bilmərik. Bəli, burada hər iki ölkənin maraqları təmin oluna bilər. Çünki onlar İranda mövcud hakimiyyətə qarşıdırlar və ən azından bu hakimiyyətin getməsinin tərəfdarıdırlar, - ekspert deyib.


Ekspertin sözlərinə görə, rəsmi Vaşinqtonla Təl-Əviv Tehranın İsraillə ABŞ-a olan münasibətinin dəyişməsində maraqlıdır. Onlar İrandan nüvə proqramından əl çəkməsini, insan haqlarını tapdamamasını tələb edir. İran hakimiyyəti isə durmadan ABŞ və İsrailə ölüm şüarları səsləndirir. "- Sual yaranır, kim, yaxud da hansı dövlət istəyər ki, ona qarşı belə sərt şüarlar səsləndirən bir hakimiyyət uzun müddətə kürsüdə olsun? Şübhəsiz ki, istənilən dövlət ona ölüm arzulayan hakimiyyətlərin sıradan çıxmasında və ya zəifləməsində maraqlı olacaq. Bu tip aksiyalar isə İran hakimiyyətinin zəifləməsinə, onun cəmiyyətin gözündən düşməsinə səbəb olur. Bugünkü proseslər cəmiyyətlə, seçici ilə hakimiyyət arasında olan uçurumu dərinləşdirir. Xalqla hakimiyyət bir-birindən daha da aralı düşür. Düşünürəm ki, son aksiyalar hakimiyyətə ciddi siqnaldır", - Sədrəddin Soltan qeyd edib.

Onun sözlərinə görə, İranda ilk dəfə deyil ki, belə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Dünya 2019 və 2020-ci illərdə İranda etirazların şahidi oldu. Ancaq inidiki etirazların mahiyyəti tamamilə başqadır:
İranda polis rəisi qəzəbli kütlə tərəfindən tapdalandı - VİDEO
- 2009-cu ildə “Yaşıllar hərəkatı” daha möhtəşəm idi, daha böyük siyasi şüarlar səsləndirilirdi. İlk dəfə olaraq Ayətullah Xomeyni və Xamneyinin portretləri cırıldı, yandırıldı və s. Ona görə də, bugünkü proseslərin ilk böyük etiraz hadisəsi olduğunu deyə bilmərik. Amma bu etiraz aksiyaları İran hakimiyyətinin təməl məsələsinə qarşıdır. Hökumətin istefa verməsi, prezident Rəisinin getməsi məsələsi normal siyasi tələb olardı. Bu cür amillər hakimiyyətin təməl məsələsi sayılmır. Amma hicaba qarşı çıxış etmək İrandakı mövcud hakimiyyətin təməl məsələsinə qarşı çıxmaqdır. Hicab qaydası İran hakimiyyətinin ABŞ və İsrailə ölüm kimi şüarları ilə bərabərdir, hətta bir sıra hallarda onlardan da üstündür. Çünki bu hakimiyyət İslam qaydalarını həyata keçirən teokratik hakimiyyətdir. Konstitusiya əsaslarını dini kitab və mənbələrdən götürüb. İran dini-siyasi ideologiya ilə idarə olunur. Bu səbəbdən də hicab qaydasına qarşı çıxmaq İran hakimiyyətinin dini-siyasi ideologiyasına qarşı çıxmaqdır. Bu daha böyük və daha fundamental məsələdir.

Sədrəddin Soltan deyir ki, son proseslər İran hakimiyyətinə çox ciddi siqnaldır. Çoxları, o cümlədən, ABŞ da, İsrail də İranın başının özünə qarışmasını arzulayacaqlar ki, İran Ukrayna məsələsində Rusiyaya yardım edə, Suriyada Əsəd rejiminə dəstək ola, Yəməndə husilərə kömək göstərə, Livanda “Hizbullah”ı dəstəkləyə, Fələstində “Həmas”a dayaq ola bilməsin və s. Ola bilər ki, son hadisələri ABŞ və İsrail siyasi bəyanatlarla daha aktiv şəkildə dəstəkləsin. ABŞ Dövlət Departamenti, Avropa İttifaqı artıq Məhsa Əmininin qətlini pislyib. Yəqin ki, yaxın günlərdə İsrail rəsmiləri də açıqlama verəcəklər.

Tural Tağıyev
AzVision.az

Teqlər:   İran   Hicab   Aksiya   ABŞ   İsrail  







Xəbər lenti