Süni mayalanmaya üz tutan ailələrin sayı artıb- VİDEO

Süni mayalanmaya üz tutan ailələrin sayı artıb- VİDEO
  02 May 2014    Oxunub:1340
Mahirə İsmayılova: "Süni mayalanma 4-5 min AZN-ə başa gəlir".
Xəbər verdiyimiz kimi, Dövlət tərəfindən hər bir ailədə körpə olmasını təmin etmək üçün 10 ildən artıq övladı olmayan valideynlərə pulsuz süni mayalanma etmək təklif olunacaq.

Hazırda Azərbaycanda yüzlərlə ailə var ki, övlad üzünə həsrətdir, onlar üçün ən yaxşı cıxış yolu isə süni mayalanma sayılır.

AzVision.az xəbər verir ki, statistikaya görə, Azərbaycanda ailələrin 15 faizi sonsuzluqdan əziyyət çəkir. Yəni indi hər 7 ailədən biri övlad sarıdan narahatlıq keçirir. Övlad sahibi ola bilməyənlər əsasən süni mayalanmaya üstünlük verirlər ki, bu da uzun, eyni zamanda bahalı bir prosedurdur.

İlk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutan süni mayalanma artıq 10 ildir ki, ölkəmizdə də tətbiq olunur və bu üsulla dünyaya gələn uşaqların sayı hazırda 4 mini ötüb.

Süni maylanma ilə doğulan uşaqların sağlamlıq göstəricilərinin təbii yolla dünyaya gələn uşaqlardan heç nə ilə fərqlənmir. Əksinə süni mayalanmada hüceyrələr əvvəlcədən təyin olunduğu üçün bir çox irsi-qan xəstəliklərinin qarşısını vaxtında almaq olur. Amma prosedurun bahalı olması, bu gün bir çoxlarının övlad sahibi olmaq arzusunu ürəyində qoyur.

Süni mayalanma üzrə mütəxəssis Mahirə İsmayılovanın sözlərinə görə, süni mayalanma 4-5 min AZN-ə başa gəlir. Bu isə bəzi amillərlə - yaşla və s. bağlıdır.

Hökumət isə demoqrafik vəziyyəti və ailələrin bu problemlərini həll etmək üçün 10 il uşağı olmayanlara dövlət hesabına pulsuz süni mayalanma təklif edəcək. Milli Məclisin sosial siyasət komitəsinin irəli sürdüyü bu təklif ”Ailə planlaşdırılması və reproduktiv sağlamlıq” haqqında qanunda öz əksini tapır.

Müzakirə olunacaq qanunda süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olması ilə bağlı məsələ olmasa da, bununla bağlı hələlik heç bir nəticəyə gəlinməyib. Dini nöqteyi-nəzərdən isə dindarların süni mayalanmanın tətbiqinə verdiyi əlavə təkliflər nəzərə alınıb. Süni mayalanma zamanı kənar şəxsin yalnız bir dəfə donor olmasına icazə veriləcək ki, gələcəkdə bir nəfərin bir neçə dəfə donor olması bacı-qardaş nigahlarına səbəb olmasın.



Ans Press


Teqlər:





Xəbər lenti