Komitənin məhkum yeniyetmələrin islah olunması üçün gördüyü işlər açıqlandı

Komitənin məhkum yeniyetmələrin islah olunması üçün gördüyü işlər açıqlandı
  05 Avqust 2022    Oxunub:1128
Builki Əfv sərəncamı ilə 3-4 nəfərin cəza müddəti 3-6 ay azaldılıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova deyib. Onun sözlərinə görə, birbaşa azadlığa çıxanlar olmayıb:

"Eyni zamanda üç yeniyetmə məhkumun nümunəvi davranışlarına görə 20 yaşa qədər qanunvericilik çərçivəsində bu müəssisədə qalmağına icazə verilib. Həmin yaşa qədər onların cəza müddəti də bitmiş olacaq. Bu ona görə edilir ki, həmin məhkum yeniyetmələr burada islah olunub, cəmiyyətə inteqrasiya olunsunlar. Böyüklər üçün cəzaçəkmə müəssisəsində yeniyetmələrin daha da pis əməllərə meyl etməmələri üçün bu kimi addımlar atılır".

C.Bağırova onu da əlavə edib ki, bu il artıq iki nəfərin cəzası bitib, buradan azadlığa buraxılıb: "Məhkumların təhsil almaları üçün hər cür imkan da yaradılıb. Təhsil Nazirliyinin təyin etdiyi direktor və müəllimlər uşaqlara dərs keçir, tədris tam təmin olunur. Təhsil Nazirliyinin 45 saylı axşam tam orta məktəbi və Peşə məktəbi burada fəaliyyət göstərir. Kim istəsə orada peşə ixtisası öyrənə bilər. Məktəb isə məcburidir. Peşə məktəbində heykəltəraşlıq, rəsm, kompyüter kursları, mühərrik ustası ixtisasları tədris edilir. Onların əsərlərinin satışı da həyata keçirilir, gəlirlər isə məhkumların bank hesablarına köçürülür".

Aytən Zəhra
AzVision.az


Teqlər: Yeniyetmə  





Xəbər lenti