“Bakı Qırğızıstandan gözlədiyi mühüm siqnalı aldı” – Çingiz Aytmatovun oğlu (MÜSAHİBƏ)

   “Bakı Qırğızıstandan gözlədiyi mühüm siqnalı aldı” –    Çingiz Aytmatovun oğlu (MÜSAHİBƏ)
  25 İyul 2022    Oxunub:10907
“Məmnuniyyətlə bildirmək istəyirəm ki, müəyyən durğunluqdan sonra ikitərəfli münasibətlərimiz hazırda yüksəliş mərhələsindədir. Rəsmi trafik, qarşılıqlı-faydalı əməkdaşlıq sahələrinin axtarışı intensivləşib. Hökumətlərarası və idarələrarası səviyyədə qarşılıqlı fəaliyyətin konkret sahələrinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Tərəflər ticarət dövriyyəsini artırmaq, birgə iqtisadi layihələr həyata keçirmək, mədəni əməkdaşlığı genişləndirmək üçün imkanlar axtarırlar”.
Bu sözləri AzVision.az -a eksklüziv müsahibəsində Qırğızıstanın keçmiş xarici işlər naziri, “Çingiz Aytmatov adına İssık-Kul Forumu”nun prezidenti, böyük yazıçı Çingiz Aytmatovun oğlu Əsgər Aytmatov deyib. O xatırladıb ki, prezident Sadır Japarov ötən ilin aprelində Bakıda rəsmi səfərdə oldu, Azərbaycan prezidenti İlham Əliyevin də Qırğızıstan Respublikasına cavab səfəri nəzərdə tutulur. Ölkələrimizin rəsmi nümayəndələri ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəsindən danışmağa başlayıblar.

- Əsgər Çingizoviç, Azərbaycan və Qırğızıstan arasında ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? Bu əlaqələrin səviyyəsi sizi qane edirmi? Sizcə, onları yaxşılaşdırmaq üçün nə lazımdır?
- Münasibətlərimizdəki canlanma rəsmi Bakının Qırğızıstandan çoxdan gözlədiyi mühüm siqnaldan sonra başladı ki, bu da ölkəmizin Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması və ölkənizin ərazi bütövlüyünün bərpası istiqamətində səyləri dəstəkləməsindən ibarətdir. Qırğızıstanın vətəndaş cəmiyyətinin mövqeyi də bunda öz rolunu oynadı: Qarabağda hərbi əməliyyatların qızğın vaxtında Bişkekdə “Azərbaycanın qırğız dostları” klubu yaradıldı, təsis konfransında Azərbaycan ordusuna və onun Ali Baş komandanına tam dəstək ifadə edildi.

Əminəm ki, Türk Dövlətləri Təşkilatında (TDT) artan əməkdaşlıq çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialımız var. Əlaqələrin aktivləşdirilməsi Bişkek ilə Bakı arasında birbaşa uçuşların bərpasına əhəmiyyətli dərəcədə kömək edərdi. Doğrudan da, Bişkekdən Bakıya getmək üçün insanlar bəzən İstanbul, Dubay və ya Moskvadan keçməklə dünyanın yarısını fırlanmalı olurlar.

- Türk Dövlətləri Təşkilatının türk dünyasının birliyinin möhkəmləndirilməsində fəaliyyətini necə qiymətləndirirsiniz? Təşkilatın daha səmərəli işləməsi üçün hansı ideya və layihələr həyata keçirilə bilər?
- TDT, TÜRKSOY, Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi türk dövlətlərinin çoxtərəfli əməkdaşlıq strukturları ölkələrimizin beynəlxalq həyatında mühüm amilə çevrilib. Bu təşkilatlar ölkələrimizin və xalqlarımızın tədricən yaxınlaşmasına, qarşılıqlı anlaşmanın dərinləşməsinə, ümumi identikliyin formalaşmasına, birgə iqtisadi və mədəni layihələrin həyata keçirilməsinə, beynəlxalq və regional problemlər üzrə ümumi mövqelərin işlənib hazırlanmasına töhfə verməlidir.

Mənə elə gəlir ki, TÜRKSOY özünü hazırda ən səmərəli şəkildə göstərərək, əsl türk YUNESKO-suna çevrilib və xalqlarımızın mədəni yaxınlaşmasına nəzərəçarpacaq töhfələr verib. Digər türk birliklərinin böyük imkanlarının reallaşması iştirakçı ölkələrin öz üzərinə götürdükləri müqavilə və öhdəliklərin icrasına nə dərəcədə məsuliyyətlə yanaşmalarından, türk birliyinin dərinləşməsi proseslərində iştirak dərəcəsinə baxışlarından asılıdır. Ümumiyyətlə, türk dünyasının inteqrasiya potensialı kifayət qədər böyükdür. Yetər ki, siyasi iradə və resurslar olsun.


- Bakı ilə İrəvan arasında Rusiya və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişinin imzalanması perspektivini necə görürsünüz?
- Hesab edirəm biz çalışmalıyıq ki, yaxın vaxtlarda sülh sazişi bağlansın. 2020-ci ildə keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Qarabağın əhəmiyyətli hissəsini azad edib və bu, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli atəşkəs sazişinin bağlanmasına imkan verib. İndi əsas məsələ atəşkəsi saxlamaq, təmas xəttində təxribatların qarşısını almaq, bununla da nizamlanmaya sülh yolu ilə şərait yaratmaqdır.

Hazırda Qarabağ məsələsində iştirak edən xarici oyunçular - Rusiya Federasiyası, ABŞ və Aİ Ukraynadakı müharibəyə fokuslanıblar ki, bu da nizamlanma prosesinin tempinə təsir göstərə bilər. Ümumiyyətlə, ərazilərlə bağlı münaqişələr, dünya praktikasının və postsovet məkanının tarixindən göründüyü kimi, ən şiddətli və uzunmüddətli münaqişələrdir. İnşallah, gün gələcək, sülh müqaviləsinin imzalanması üçün şərait yaranacaq. Amma hələlik sevindirici hal odur ki, münaqişə tərəfləri bir-biri ilə birbaşa dialoqa girə biliblər. Mən bu yaxınlarda Tiflisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqları nəzərdə tuturam.

Daha geniş kontekstdən danışarkən, postsovet məkanında dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə hörmət prinsipinin getdikcə daha çox sual altına düşməsi narahatlıq doğurur. Bəlkə də, bütün keçmiş sovet respublikalarının bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətin çoxtərəfli qarantiyasını təmin etmək üçün ATƏT-in 1976-cı il Helsinki Aktının Avrasiya analoqunu qəbul etməyi nəzərdən keçirmək məqsədəuyğun olardı.

- Bildiyiniz kimi, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilib. Sizcə, vəziyyət bundan sonra necə inkişaf edəcək? Beş illik müddət bitdikdən sonra sülhməramlılar Qarabağdan çıxarılacaq, yoxsa Dnestryanı, Cənubi Osetiyadakı kimi uzun müddət orada qalacaqlar?
- Rusiya sülhməramlılarının Qarabağda təmas xəttində olması atəşkəs razılaşması üçün əsas şərtdir. Ümid edirəm ki, bu mövcudluğun beş illik mandatı beynəlxalq tərəfdaşların köməyi ilə Bakı və İrəvanın razılığa gəlməsi üçün yetərli müddət olacaq. O vaxta qədər isə hərbi əməliyyatların bərpa olunmamasının qarantı kimi Rusiya Federasiyasının Qarabağda olması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az


Teqlər: Qırğızıstan   Türk-Birliyi  





Xəbər lenti