Ağdam: 27 ilin dərslərindən çıxan nəticə
Bir dəfə Agdamda çəkiliş zamanı yaşlı insanlara sual verdim: “Necə oldu ki, belə böyük rayon işğala məruz qaldı?” Dərindən köks ötürüb cavab verdilər ki, “hamısı nizamsızlıq, xəyanət və qarışıqlıq ucbatından. Bəzən bir könüllü dəstə müharisəyə düşəndə digərləri ona kömək etməyə getmirdilər. Şəxsi düşmənçilik ucbatından tarixi rayon işğala məruz qaldı”.
Ağdamın 1993-cü ildəki işğalına zəmin 6-7 ay əvvəldən yaranmışdı. Düşmənin atəş ocaqlarını məhv etməyə ya texnika vaxtında verilmir, ya da könüllü dəstələr digər rayonların müdafiəsinə göndərilirdi. Cəbhədə belə aldatma üslündan istifadə edilirdi. Yerlərdən yuxarılara xəbər verilirdi ki, Ağdamın müdafiəsinə könüllü dəstələr və texnika çatmır. Lakin onlara deyilərdi ki, əsas filan rayonun müdafiəsidir. Bununla da digər rayonun müdafiəsi “əsas” gətirilməklə, başqa rayonun işğalı gerçəkləşərdi.
AXC rəhbərliyinin müdafiə nazirini hansısa ölkəyə tez-tez səfərə yollanıb gizli tapşırıqlar alması, digər nazirlərin başqa ölkələrin xeyir-duası ilə siyasət yeritmələri torpaqların işğalı ilə nəticələnirdi. Nizamsızlıq, hərc-mərcliklə dolu AXC hakimiyyət liderlərinin bəlağətli çıxışları üzərində qurulan siyasət adamlara göz yaşları bəxş etdi, yeni dünya düzənində çaşıb qalan kiçik ölkəni poliqona çevirdilər. Adamlar torpaqlarını itirdilər, ölkənin müqəddəratı sual altına düşdü, köhnə çemodanlarla doğma evlərini tərk edənlər bura qayıdacaqları günü gözlədilər.
2022-ci ilin iyulunun 19-da isə o gün gəldi. Tarixi hadisə baş verdi. Məcburi köçkünlər Zəngilanın Agalı kəndinə qayıtdılar. Böyük Qayıdış əfsanəsi reallığa çevrildi. Azərbaycanın bunun heç vaxt baş verməyəcəyi inamsızlığı ilə yaşayan sakinlərinin gözündən yaş axdı. Biz bütün bunları bu günlərdə gördük, o insanların sevincini müşahidə etdik. Və əlimizi göyə qaldırıb var səslə dedik: İlahi, sənə min şükür, xalq bu günləri də gördü!
Amma 1993-cü ilin iyul günlərində insanlar ümidsiz halda ən son paltarlarını, sınıx-salxaq məişət əşyalarını yük maşınlarının arxasına toplayıb, doğma torpaqlardan uzaqlaşırdılar. Əlləri üzlərində, kədərli gözlərini uzaqlara dikərək. İndiki gənclər həmin günləri görməyiblər. Biz o günlərin şahidləri kimi o qaçqınları ilan mələşən isti yerlərdə çadırda, qaynar vaqonlarda yaşayanda gördük. Ağdam sakinləri isə ölkənin hər yerinə yayıldılar, köhnə sanatoriyalarda, tələbə yataqxanalarında darısqal otaqlara sığındılar. Hamısı da ona görə ki, AXC hakimiyyəti yarıtmaz siyasəti ilə torpaqların işğalına rəvac vermişdi.
1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi. İyunun 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başladılar. 600 minlik erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu. 42 gün davam edən döyüşlər Ağdamın işğalı ilə sona çatdı.
Ərazisi 1094 kvadrat kilometr olan rayonun 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşadı. Bunların 17 mini yaşlı nəslin nümayəndəsi idi. Çoxu məcburi köçkünlük həyatının ilk aylarında dünyalarını dəyişdilər. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi.
Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaş şəhid oldu. məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdılar. Ağdamın 70 faizinin işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirdi. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində ölkəyə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəydi. 40 min hektar əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min hektarda əkin aparılır.
1993-cü ilin bu günlərində - iyul ayında hər bir azərbaycanlı, hər bir ağdamlı əmin idi ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidləri, musiqi səsinə möhtac qalmış bərli-bərəkətli torpaqları, ata-babalarının uyuduğu qəbiristanlıqlar azad ediləcək. Yalnız 27 ildən sonra – 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinə köklənən rəhbərlik bacarığı, Azərbaycan Ordusunun cəsurluğu nəticəsində Ağdam rayonu işğaldan azad edildi. İndi yeni Ağdam qurulur, böyük tikinti meydançası modern Ağdamı meydana gətirir. Daha dağılmış Ağdam görməyəcəyik. Onu ürəyimizə gömdük. Gömülən həm də yarıtmaz idarəçiliyi ilə qara tarixə düşən siyasətçilər oldu.
Teqlər: Ağdam







Vaxtında, Aydın, Lazımlı!


