“Dövlət jurnalistikanı dəyərli peşə sayır” – Əhməd İsmayılov

 “Dövlət jurnalistikanı dəyərli peşə sayır” –  Əhməd İsmayılov
  20 İyul 2022    Oxunub:1376
“Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atması bütün sahələrdə olduğu kimi, medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb”. Bu sözləri "Azərtac"a müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
“Cari ilin fevralın 8-də dövlət başçımızın “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə” Fərmanına əsasən Media Reyestrinə daxil edilmiş və jurnalistika sahəsində müəyyən staja malik olan jurnalistlərə, habelə gənc ailənin üzvü olan jurnalistlərə mənzil almaları üçün dövlət dəstəkli güzəştli ipoteka kreditindən yaralanmaq hüququ verilib. Müvafiq Fərman cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistləri digər dəyərli peşə sahibləri ilə eyni sıraya daxil etmiş, dolayı yolla jurnalistin dövlətin gözündəki həqiqi statusunu və kimliyini müəyyənləşdirib”,- deyə Ə.İsmayılov bildirib.

İcraçı direktor əlavə edib ki, dövlətin medianın inkişafını stimullaşdıran addımlardan biri də qəzet kağızının ƏDV-dən azad olunmasıdır ki, media ekspertləri əminliklə bunun çap mediasının inkişafına təkan verəcəyini bildiriblər.

Xatırladaq ki, cənab Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunub. Bu il mayın 13-də Azərbaycan Respublikasının Baş naziri müvafiq qərarı ilə ƏDV-dən azad edilən Azərbaycanda kütləvi informasiya məhsullarının siyahısı təsdiqləndi. Bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcək.

Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərlərilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir. Onu da vurğulayaq ki, kitab və kağız məhsullarının idxalı və satışının ƏDV-dən azad edilməsi bu sahədə də canlanma yaratmaqla yanaşı nəşriyyatların işinə müsbət təsir göstərəcək.

Ə.İsmayılov bilidirib ki, Azərbaycan Prezidentinin daim jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur: “Dövlətimizin başçısı demək olar ki, bütün müşavirələrdə, toplantılarda, ictimaiyyətin nümayəndələri ilə görüşlərində nailiyyətlərlə bərabər, çatışmazlıqlardan da bəhs edir, “mütləq çox güclü ictimai nəzarət olmalıdır”,- deyərək, cəmiyyətdən dəstək istəyir. Vurğulamaq istərdik ki, Medianın İnkişafı Agentliyi məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirir. Bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materiallar hazırlanmaqdadır”.



Teqlər: MEDİA  



Xəbər lenti