Dinlərin yerdəki cənnəti AZƏRBAYCAN

 Dinlərin yerdəki cənnəti  AZƏRBAYCAN
  07 İyul 2022    Oxunub:1483
Vicdan azadlığı Azərbaycanda Konstitusiya ilə təsdiq edilmiş bir haqqdır və istənilən şəxs istədiyi dini seçə bilər, dinə münasibətini istədiyi şəkildə qura bilər. Bu cəhətdən dünyanın ən tolerant ölkəsi sayılan Azərbaycan tarixən müxtəlif dinlərin, məzhəblərin nümayəndələrinin birgə yaşayış yeri olub və onlar arasında heç bir zaman ictimai zəmində münaqişə olmayıb. Bu gün də Azərbaycanın mənzərəsi o yöndədir. Ölkəmizdə insanların dini etiqadına hörmətlə yanaşılır, heç bir dinə qarşı ayrı-seçkilik edilmir.
Fikir, söz və vicdan azadlığına geniş təminat verilən Azərbaycanda müstəqillik əldə edildikdən sonra dini məsələlərlə bağlı ciddi addımlar atılıb: “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna müvafiq düzəlişlər edilib.

Vətəndaşların dini etiqad azadlığının təmin edilməsi, ölkədə din-dövlət münasibətlərinin tənzimlənməsi məqsədilə Ulu öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Ulu Öndərin əsasını qoyduğu dövlət-din münasibətləri modeli bu gün Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələri, məscidlər, ziyarətgahlar, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir.

Azərbaycanda vicdan azadlığına hörmət sözdə deyil, əməldə edilir. Belə ki, Sovet dönəmində ölkədə 17 məscid fəaliyyət göstərirdisə, bu gün Azərbaycanda 2253 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bu günə qədər Azərbaycanda yüzlərlə dini abidə təmir olunub ki, onun içərisində Bakının mərkəzində yerləşən və içərisində minlərlə erməni dilində olan kitabların qorunduğu kilsə də var. Halbuki, erməni vandalları 20 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə yüzlərlə məscidi, dini abidəni dağıdıb, hətta təhqiramiz hərəkətlərə yola verərək, orada donuz da saxlayıblar. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhraman övladlarının igidliyi ilə torpaqlarımız işğaldan azad edildi. Amma təəəssüf ki, sakinlərin 20 il əvvəl qoyub getdiyi el-obadan, eyni zamanda dini abidələrdən əsər də qalmayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, işğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Qismən dağıdılanlardan biri isə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Məkkədən gətirdikləri “Qurani-Kərim”i bağışladıqları Ağdam Cümə məscididir. Prezident çıxışında bildirmişdi: “Bu gün mən Ağdam Məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib”.



Qarabağ və Şərqi Zəngəzurda artıq Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə məscidlərin təmir-bərpasına başlanılıb. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhərağa məscidi, Saatlı məscidi, Ağdamda Cümə məscidi, Qiyaslı məscidi təmir edilir. Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni ibadət yerlərinin də inşasına başlanılıb ki, bunun ən gözəl nümunəsi Şuşada təməli qoyulan məsciddir. Azərbaycan zəfərini, Şuşanın azad edilməsini simvolizə edən məscidin forması 8 rəqəmini əks etdirir. Məscidin iki minarəsi isə 11 rəqəmini əks etdirir ki, bu da onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildiyinə işarədir. Bütün bunlar Azərbaycanda ölkə başçısının rəhbərliyi ilə dövlətin dinə göstərilən diqqətinin bariz nümunəsidir.

Məscidlərin təmiri ilə yanaşı, alban məbədləri əsl sahiblərinə qaytarılıb. Belə ki, Alban-udi dini icmasının nümayəndələrinin Laçın rayonundakı “Ağoğlan” məbədi, Kəlbəcərdə “Xudavəng” məbədi, Xocavənd rayonun Tuğ kəndindəki alban məbədinə dəfələrlə səfərləri təşkil edilib və orada dini ayinlər icra olunub.



İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bildirib ki, Azərbaycanda qanuni tərəfdən hər kəsin vicdan azadlığı qorunur, dinə münasibəti hər kəsi özü müəyyənləşdirir. Lakin digər tərəfdən dövlət və din arasında qanunların da fövqündə olan bir əməkdaşlıq var ki, bu da ölkə başçısının qayğısından görünür. Rektor buna nümunə kimi hər il Prezident İlham Əliyev tərəfindən dini icmalara maddi vəsaitin ayrılmasını göstərib. Maddi yardım istər müsəlman, istərsə də qeyri-müsəlman dini icmalarına aid edilir, ayrı-seçkilik edilmir.
-Eyni zamanda Azərbaycanda dini təhsilə böyük önəm verilir. Bunun bariz nümunəsi isə ölkə başçısı tərəfindən 2018-ci ildə İlahiyyat İnstitutunun yaradılmasıdır. Prezidentin yeni binanın açılışında şəxsən iştirak etməsi dini dəyərlərə, dini təhsilə verdiyi dəyərin nümunəsidir. Başqa dinlərdə dövlətin məbəd tikməsi nadir hallardandır. Amma Azərbaycanda istər islam məbədləri, istərsə də xristian, yəhudi məbədlərinə qarşı eyni münasibəti görürük” deyə A.Şirinov əlavə edib.

Azərbaycanda nəinki müxtəlif dinlərin nümayəndələri, eyni zamanda islam dininin hər iki məzhəbinin nümayəndəsi də qardaşlıq şəraitində yaşayır. Azərbaycan bu baxımdan islam dünyası üçün bir nümunədir. Məsələn, “Heydər” məscidində bir həftə cümə namazını bir məzhəbin nümayəndəsi, digər həftə başqa məzhəbin nümayəndəsi qaldırır və hər iki məzhəbin nümayəndələri onun arxasında namaz qılır. Bu, islam dünyasında nadir görsənən hadisədir.



Bunun tarixən Azərbaycan xalqının həyat tərzi olduğunu deyən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev bildirib ki, bu, ölkənin dövlət siyasətidir:

“ABŞ Dövlət Departamentinin nəzdində dini azadlıqlar barədə hesabatın hazırlanması ilə məşğul olan bir struktur var. Söhbət dini azadlıqlar, multikultural dəyərlərdən gedirsə, fikrimcə, belə hesabatın hazırlanmasına Azərbaycanın daha çox haqqı var, nəinki ABŞ və digər ölkələrin. Keçmişlə bağlı səyyahların və bu regionda olanların xatirəsini oxusanız, görərsiniz ki, burada müxtəlif dinlərin nümayəndələri birgə yaşayıb. Azərbaycan sekulyar dövlətdir və bunu genişləndirmək dövlət siyasətidir. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, burada insanın hansı məzhəbdən olduğuna fərq qoyulmur və ya azərbaycanlıdan hansı məzhəbdən olması soruşulmur. Eyni zamanda İlahiyyat instututu yeganə təhsil ocağıdır ki, burada heç bir məzhəb fərqi qoyulmadan gələcək din xadimləri, ilahiyyatçılar yetişdirilir” deyə qeyd edən deputat vurğulayıb ki, bu artıq dövlətin siyasəti, Konstitusiya norması deyil, xalqın formalaşdırılmış ənənəsidir.

Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti