O kənd bizim kəndimizdir: Qazaxın eksklav ərazilərinə doğru irəliləyirik – FOTOLAR

     O kənd bizim kəndimizdir:    Qazaxın eksklav ərazilərinə doğru irəliləyirik –    FOTOLAR
  01 İyul 2022    Oxunub:12587
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası məsələsi 2020-ci ilin noyabrında üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra gündəliyə salındı. Bir ildən sonra Rusiya Federasiyasının konsultativ köməyilə Ermənistan-Azərbaycan sərhədi zonasında delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasının sürətləndirilməsi qərara alındı.
Bu il mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” mühüm Sərəncam imzaladı və Qazax rayonunun işğal olunmuş yeddi kəndi də daxil olmaqla məsələnin tam həlli üçün artıq Ermənistan tərəfi ilə işgüzar görüşlər keçirilməyə başlanıb.


Amma Ermənistan tərəfi məsələnin həllini təxirə salmaq üçün bu mövzudan siyasi təxribatlar kontekstində istifadə etmək cəhdlərindən əl çəkmir. Bunun üçün lazım olan anda keçmiş funksionerlərin təmsil etdiyi passiv müxalifət süni şəkildə canlandırılır və yemlənən media ilə birgə fəaliyyət göstərir. Hərçənd, beynəlxalq hüquq nöqteyi-nəzərindən iki ölkənin sərhədlərinin delimitasiyası və gələcək demarkasiyası prosesi istər-istəməz erməni tərəfini sülhə məcbur edəcək. Bunun hansı formatda və məzmunda olacağını isə zaman göstərəcək.


2018-ci ilin yayında Azərbaycanın siyasi rəhbərliyi Ermənistanla sərhədin delimitasiya olunmamış şimal hissəsinin Qazax və Ağstafa rayonları istiqamətində Azərbaycan Respublikasının Sərhəd Xidmətinin yurisdiksiyasına verilməsi haqda uzaqgörən və çox praqmatik qərar qəbul etdi. Həmin ilin payızından Dövlət Sərhəd Xidmətinin bölmələri yeni postların yerləşdirilməsini dəqiqləşdirərək, əlavə postların tikintisi ilə bağlı genişmiqyaslı mühəndis-infrastruktur işləri aparmağa başlayıb. Bu prosesin paralel nəticəsi Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması olub, onların vəzifələri yeni ehtiyat qüvvələrin yaradılmasına və şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəldilib.


Qarşı tərəfdən davamlı atəşə və tez-tez təxribat cəhdlərinə məruz qalan sərhədçilərimiz qısa müddət ərzində daha əlverişli mövqelərə və strateji yüksəkliklərə doğru irəliləyərək, geniş yol infrastrukturu vasitəsilə onları arxa cəbhə ilə birləşdirməyə və yeni postlar yaratmağa nail olublar.
"AzVison"un toxunduğu məsələ prezidentlərin diqqətində
İncə şəkildə həyata keçirilən sərhəd əməliyyatı nəticəsində yüzlərlə hektar ərazi vizual və atəş nəzarətinə götürülüb ki, bu da Azərbaycanın dörd şimal rayonunun və mühüm hidrotexniki qurğuların - təsərrüfat kompleksi arteriyalarının təhlükəsizliyini təmin etməyə imkan verib.


Azərbaycanın keçmiş eksklav kəndləri olan Barxudarlı və Sofulunun inzibati sərhədləri Ağstafaçayın yatağına bitişikdir. 1992-ci ilin aprelində erməni terrorçuları yaşayış məntəqələrini işğal edərək, yer üzündən siliblər. Düşmən təkcə Barxudarlı dəmir yolu stansiyasını (ESR kodu 55770) deyil, Qazaxdan gedən dəmir yolunun bir hissəsini də tamamilə sökərək, anklavın azərbaycanlı sakinlərini mühasirədə saxlayıb. Bala Cəfərli kəndi ərazisindən Barxudarlıya keçən respublikalararası avtomobil yolu da bu faciəvi aqibəti yaşayıb.


Azərbaycana qarşı erməni terroru hələ də davam edir, lakin artıq ekoloji terror formasındadır. Təcavüzkar ölkə eyniadlı (1971-ci ildə tikilmiş) su anbarına axan Ağstafaçayı hər cür pestisidlərlə, o cümlədən, fenol, mis və ağır metal birləşmələri ilə zəhərləyərək, əhalimizə, bütövlükdə heyvandarlığa və əkinçiliyə ziyan vurmağa çalışır.

Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə əldə etdiyi mühüm nailiyyətlərdən biri “mövqeyin dəqiqləşdirməsi” prosesi nəticəsində Ermənistan-Gürcüstan avtomobil yoluna (H53) çıxış olub. Qurum yalnız Qazax rayonu ərazisində 168 kilometrlik seqmentə nəzarət edir. Bunun sayəsində sərhədçilərimiz ermənilərin dağıtdığı Aşağı Əskipara kəndinə yaxınlaşaraq, Ermənistan ərazisindəki üçüncü eksklav olan Yuxarı Əskipara üzərində vizual nəzarəti ələ keçirdilər və əraziyə (İcevan-Noyemberyan və ya Qərbi Azərbaycanın strateji əhəmiyyətli hissəs olan Karvansara – Barana rayonlarına) tam nəzarət edirlər.


Aşağı Əskipara kəndi Qazançı dağının yamacında (1443 m), Coğaz çayının mənsəbində yerləşir və 1992-ci ilin iyununda erməni quldur dəstələrinin işğalına məruz qalıb. Düşmən kəndi tamamilə yerlə-yeksan edib, hətta qəbiristanlığı da dağıdıb. Onlar qədim Yuxara Əskipara yaşayış məskəni ilə də eyni şəkildə davranaraq, təkcə V-VII əsrlərə aid Alban məbədini və qədim körpüləri deyil, mühafizə qülləsi olan yeraltı su təchizatı sistemini də yer üzündən siliblər.

H53 magistral yolunun yuxarı hissəsində yerləşən Bağanıs Ayrım kəndinin taleyi daha acınacaqlıdır. Bu qəsəbədə 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni terrorçuları Azərbaycanın türk əhalisinə qarşı etnik təmizləmə aparıblar, nəticədə bir ailənin 5 üzvü binalardan birinə salınaraq, diri-diri yandırılıb. Uzun sürən işgəncələrdən sonra daha bir neçə insan öldürülüb. Kəndin qalan sakinləri iyirmi nəfər ağır yaralı ilə birlikdə Bağanıs Ayrımı tərk edə biliblər. Bundan sonra erməni vəhşilər qəsəbəni talan edərək yandırıblar.


Nasist Ermənistanın dəhşətli planı bəsit idi - mühüm rabitə yollarına yaxın yerləşən bütün Azərbaycan kəndlərini, onların avtoxton əhalisini məhv etmək, an azı qovmaq. Təxminən 30 il sonra bu plan tamamilə pozuldu. Dövlət Sərhəd Xidmətinin yeni sərhəd zastavaları Aşağı Əskipara və Bağanıs Ayrıma yaxın strateji yüksəkliklərdə yerləşir, işğal altında olan Azərbaycan kəndlərinin bütün perimetrinə vizual, inzibati ərazilərə isə qismən nəzarət olunur. O cümlədən strateji əhəmiyyətli kommunikasiya marşrutlarına da...


Qazax rayonu istiqamətində sərhədlərimizin delimitasiyası və sonrakı demarkasiyasının hansı düstur və ya planla aparılacağını, eksklav və sərhəd kəndlərinin işğaldan azad edilməsinin, yaxud ekstraterritorial lojistikanın necə olacağını proqnozlaşdırmaq çətindir. İlk baxışdan yalnız bir şey aydındır: proses kifayət qədər mürəkkəb olacaq. Erməni ekspert icması artıq Azərbaycanın anklav kəndlərinin sərhəd bölgəsindəki ekvivalent kəndlərlə dəyişdirilməsi ilə bağlı versiyalar səsləndirib. Bəs bu ərazilər bizim üçün tarixi əhəmiyyətli və mühüm ola bilərmi? Əsas sual budur.


Digər sual rayonun su ehtiyatlarına aiddir: Barxudarlı və Sofulu eksklavında olduğu kimi, Coğaz bənd qovşağına yaxın olan Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri də işğal altındadır. Üstəlik, kəndlərdə Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri və kazarmaları yerləşir. 1992-ci ildə bu Azərbaycan yaşayış məntəqələrinin işğal olunmasında əsas məqsəd həmin istiqamətdə məhz su təchizatına nəzarəti əldə keçirmək idi.


Gözəl Qazax rayonunun relyefi kifayət qədər mürəkkəbdir, sovet dövründən miras qalmış geniş nəqliyyat və hidrotexniki infrastrukturu var ki, bu da, görünür, sərhəd məsələsinin yekun həlli üçün əsas şərtləri diktə edəcək. Bu, sərhəd bölgəsində sülh və rifahı müəyyən edəcək. Axı Ermənistan Azərbaycanın işğal olunmuş sərhəd və eksklav kəndlərindən keçən dəmiryol relslərini sökməklə, magistral yolları kəsməklə əsas tranzit arteriyalarının keçdiyi şimal-şərq istiqamətində özünü blokadaya salıb.


“Zərər vermə” prinsipini rəhbər tutaraq, Dövlət Sərhəd Xidməti bölmələrinin postlarının və dislokasiya yerinin fotoşəklini çəkməmişik, lakin fəxrlə qeyd etmək istərdik ki, onların fədakar xidməti və qətiyyətli hərəkətləri nəticəsində üçtərəfli danışıqlar zamanı sərhəddəki operativ vəziyyət yaxşılaşaraq, xeyrimizə dəyişib.

Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.


Teqlər:   Sərhəd   Delimitasiya   Eksklav  





Xəbər lenti